BMT-NİN DÜNYA ƏRZAQ PROQRAMI AZƏRBAYCAN HÖKUMƏTİNİ GƏLƏCƏKDƏ DƏ DƏSTƏKLƏMƏYƏ HAZIRDIR
AZƏRTAC xəbər verir ki, BMT-nin Dünya Ərzaq Proqramı (DƏP) mayın 29-da “Excelsior” mehmanxanasında ailə təsərrüfatı səviyyəsində ərzaq təhlükəsizliyi və ərzaq məhsulları qiymətlərinin artımına dair seminar keçirmişdir. Seminarda əlaqədar nazirlik və dövlət komitələrinin, beynəlxalq humanitar təşkilatların nümayəndələri, DƏP-in regional bürolarının mütəxəssisləri iştirak etmişlər. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Azərbaycan Hökumətinin BMT Ərzaq Proqramının ölkəmizdəki fəaliyyətinə yüksək qiymət verdiyini diqqətə çatdırmış, bugünkü tədbirin əhəmiyyətini vurğulamışdır. Ə.Həsənov demişdir ki, Proqram 15 ildir Azərbaycanda uğurlu fəaliyyət göstərir. Bu müddətdə məcburi köçkünlərə və əhalinin aztəminatlı təbəqəsinə dəyəri 115 milyon ABŞ dollarından çox olan 165 min tona yaxın ərzaq paylanmışdır. Təsadüfi deyildir ki, təşkilatın Azərbaycandakı sabiq nümayəndəsi Şərif Əmin Zahir Azərbaycan Prezidentinin 2003-cü il 28 avqust tarixli Fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, qurumun İnkişaf Proqramının Azərbaycandakı nümayəndəsi Bruno Pueza, Dünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəsi xanım Lin Miller ərzaq məhsullarının qiymətinin bahalaşmasının bütün dünyada böyük narahatlıq doğurduğu bir şəraitdə keçirilən seminarın mühüm mövzuya həsr olunduğunu qeyd etmişlər. Xüsusi vurğulanmışdır ki, BMT-nin əlaqədar qurumları ərzaq təhlükəsizliyi ilə bağlı Azərbaycan Hökumətini gələcəkdə də dəstəkləməyə hazırdır. DƏP Azərbaycanda öz fəaliyyətini başa vursa da, burada monitorinq sistemini quracaq, problemlə bağlı baş verən prosesləri izləyəcək, mümkün böhranların qarşısını almaqda, lazım gələrsə, texniki yardım göstərəcəkdir.
Ərzaq təhlükəsizliyinin təhlili üzrə BMT DƏP-in mütəxəssisi Asif Niyazinin ərzaq təhlükəsizliyi, fövqəladə ərzaq təhlükəsizliyinin qiymətləndirilməsinin metodologiyası, DƏP-in məsləhətçisi Tomas Beyterin ərzaq məhsullarının qiymətinin artımı, bazarın təhlili barədə çıxışları maraqla dinlənilmişdir.
Müzakirələr aparılmış, tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Seminarda Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov iştirak etmişdir.
######
