BMT nümayəndələri Camal Kaşıkçının qətlə yetirildiyi konsulluğa buraxılmayıb
Bakı, 29 yanvar, AZƏRTAC
BMT-nin məhkəmədən kənar və kütləvi edamlar üzrə xüsusi məruzəçisi Anes Kallamar və onu müşayiət edən nümayəndə heyəti jurnalist Camal Kaşıkçının qətlə yetirildiyi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna buraxılmayıb.
AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, BMT nümayəndələri Səudiyyə Ərəbistanının diplomatik missiyasının binasına yalnız kənardan baxış keçirə bilib.
Anes Kallamar beynəlxalq ekspertlər qrupu ilə birgə Camal Kaşıkçının qətli üzrə “müstəqil beynəlxalq təhqiqatı” qiymətləndirmək üçün yanvarın 28-də Türkiyəyə gəlib. Təhqiqatın qiymətləndirilməsinin nəticələri və onun tövsiyələri BMT-nin İnsan Hüquqları Şurasının 2019-cu ilin iyun ayında keçiriləcək sessiyasında təqdim olunacaq. Səfər zamanı Kallamarı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qəbul edib. Onun, həmçinin ədliyyə naziri Əbdülhəmid Gül və İstanbulun baş prokuroru İrfan Fidanla da görüşəcəyi gözlənilir.
Xatırladaq ki, Camal Kaşıkçı ötən il oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək konsulluğun binasından çıxarıldığını etiraf etmişdi.