BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişə zamanı mülki şəxslərin müdafiəsi” mövzusunda açıq iclası keçirilmişdir
Bakı, 13 fevral (AZƏRTAC). BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişə zamanı mülki şəxslərin müdafiəsi” mövzusunda açıq iclası keçirilmişdir.
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, iclasda çıxış edən BMT baş katibinin sülhü qoruma əməliyyatları üzrə müavini, qurumun humanitar məsələlər üzrə əlaqələndiricisi, insan haqları üzrə ali komissar və Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri dünyada baş verən münaqişələr zamanı mülki şəxslərin müdafiə edilməsinin önəmini vurğulamış, BMT-nin bu istiqamətdə fəaliyyəti barədə məruzələrlə çıxış etmişlər.
Təhlükəsizlik Şurası və BMT-nin digər üzv dövlətlərinin təmsilçiləri ilə yanaşı, çıxış edən Azərbaycan nümayəndəsi bildirmişdir ki, müasir dövrdə silahlı münaqişələrin artan qəddarlığı və müharibə taktikasının dəyişən təbiəti dinc əhalinin müdafiə edilməsi məqsədilə milli və beynəlxalq səviyyələrdə daha çox tədbirlərin görülməsini tələb edir. Bununla yanaşı, bəşəriyyətə qarşı cinayətlər və müharibə cinayətlərinə görə cəzasızlığın aradan qaldırılması üçün daha qətiyyətli və ünvanlı tədbirlər görülməlidir.
Azərbaycan nümayəndəsi öz çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrindən ətraflı danışaraq qeyd etmişdir ki, hələ XX əsrin 80-ci illərinin sonunda azərbaycanlıların Ermənistandan qovulması prosesi qətllər, işgəncələr və digər cinayətlərlə müşayiət olunmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı azərbaycanlı dinc əhaliyə qarşı sistematik və irimiqyaslı cinayətlərlə müşayiət edilmişdir. 1992-ci ilin fevralında Ermənistanın işğalçı qüvvələri Xocalı şəhərini tamamilə yerlə-yeksan edərək, dinc əhalini qırmış və insanlara qarşı ağlasığmaz cinayətlər törətmişlər. Bu cinayətlərə görə cavabdeh olan şəxslərin hələ də məsuliyyətə cəlb edilməməsi münaqişənin həllində irəliləyişə nail olmaq istiqamətində maneədir.
Azərbaycan nümayəndəsi vurğulamışdır ki, dünyadakı silahlı münaqişələrdə döyüşən tərəflərin hazırda Rusiya Federasiyasının Soçi şəhərində keçirilən Olimpiya Oyunları zamanı “Olimpiya
atəşkəsi” elan etməsinə dair BMT baş katibi və beynəlxalq ictimaiyyətin digər yüksək səviyyəli şəxsləri tərəfindən edilən çağırışa məhəl qoymayan Ermənistan əksinə son aylar ərzində
atəşkəs rejimini pozmağa davam edir, cəbhə xətti boyunca vəziyyəti gərginləşdirir, dinc əhali və mülki obyektlərə qarşı hücumlarını artırır.
Ermənistan nümayəndəsinin iclasda etdiyi cəfəngiyat xarakterli çıxışa cavab olaraq yenidən söz alan Azərbaycan nümayəndəsi 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən və sonuncunun ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin pozulmazlığı prinsipinə hörmət edilməsinin vacibliyini təsdiq edən və işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyini xatırlatmışdır.
Xocalı soyqırımına bir daha toxunan Azərbaycan nümayəndəsi Ermənistanın yüksək siyasi və hərbi şəxslərinin bu qanlı hadisələrdə əlinin olması və onların Xocalı sakinlərinin və müdafiəçilərinin qətlə
yetirilməsində bilavasitə iştirak etdikləri barədə dəfələrlə açıqlamalar verdiyini xatırlatmışdır. Azərbaycan nümayəndəsi xüsusilə vurğulamışdır ki, Ermənistanın hazırkı prezidentinin 2000-ci il dekabrın 15-də müdafiə naziri olan zamanı verdiyi müsahibələrinin birində Xocalıda mülki şəxslərin qətlə yetirilməsinə görə heç bir təəssüf hissi keçirmədiyini və belə sarsıntıların, hətta minlərlə şəxs ölsə də lazım olduğunu bildirməsi artıq şərhə yer qoymur və Ermənistan rəhbərliyinin mülki şəxslərin müdafiəsi və münaqişənin sülh yolu ilə həllinə həqiqi münasibətini nümayiş etdirir.