Boks turnirində “Naxçıvan” komandası birinci yerə layiq görülüb
Naxçıvan, 5 may, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş boks üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirində 100-ə yaxın dəri əlcək sahibi mübarizə aparıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdikləri turnirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının ifasında bir-birindən rəngarəng musiqi nümunələri nümayiş etdirilib.
Sonra yarışa start verilib.
Final görüşlərində tamaşaçılar 12 çəki dərəcəsində maraqlı döyüşlərə şahidlik ediblər. Şəhər və rayon komandalarının mübarizə apardığı turnirin həlledici qarşılaşmasında daha çox “Naxçıvan” komandasının boksçuları uğur əldə ediblər. Belə ki, finalda döyüşmək hüququ qazanan bu komandanın 13 idmançısından Nazim Abazərli (44 kiloqram), Nizami Novruzov (50 kiloqram), Ülvi Süleymanov (54 kiloqram), Ayxan Süleymanov (57 kiloqram), Kamran Allahverdiyev (60 kiloqram), Sahil Qafarov (64 kiloqram) və Sərvər Abdullayev (75 kiloqram) bütün rəqiblərini üstələyərək turnirin qalibi olublar.
Digər həlledici qarşılaşmalarda isə Alışan İsmayılov (42 kiloqram, Şərur), Mustafa Bəşirov (48 kiloqram, Şərur), Kənan Şəfiyev (52 kiloqram, Şərur), Ülvi İbrahimov (69 kiloqram, Ordubad) və Ayxan İsayev (+85 kiloqram, Kəngərli) rəqiblərinə qalib gələrək turnirdə birinci yerə layiq görülüblər.
Komanda hesabında isə əldə etdikləri qələbə sayına görə “Naxçıvan” komandası birinci yerə çıxıb.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Mükafatları Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov, gənclər və idman naziri Azad Cabbarov təqdim ediblər.