İDMAN
Boks üzrə Avropa Olimpiya təsnifat turnirinə start verilmişdir
Bakı, 16 aprel (AZƏRTAC). Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə start verilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə 2 boksçumuz – Vətən Hüseynli (81 kq) və Elvin İsayev rinqə çıxmışdır. V.Hüseynli İspaniya idmançısı Abner Lloverasla döyüşdə ilk raundu 2 xal fərqlə öndə qapamışdır. İkinci raundda hər iki boksçunun 4 dəqiq zərbəsi qeydə alınmışdır. Yekunda boksçumuz 17:14 hesabı ilə qələbə qazanmışdır. Həmyerlimiz növbəti mərhələdə erməni Artur Xaçatryanı məğlub etmiş polşalı Mateuş Triçlə qarşılaşacaqdır.
E.İsayev isə Trabzonda ilk döyüşünü Rumıniya təmsilçisi Aleksandru Çiçeryanunu mübarizədən kənarlaşdırmışdır. Hər 3 raundda rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz növbəti mərhələyə yüksəlmişdir.
Qeyd edək ki, turnirdə E.İsayev və V.Hüseynli ilə yanaşı, daha 3 boksçumuz qüvvəsini sınayır.