İQTİSADİYYAT
Bolqarıstan şirkətləri ARDNŞ ilə çoxsahəli əməkdaşlığa hazırdırlar
Bakı, 22 sentyabr (AZƏRTAC). Sentyabrın 22-də ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Rövnəq Abdullayev Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləmiş, iki ölkənin enerji sektorunda əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yarandığını qeyd etmişdir.
Trayço Traykov Azərbaycana səfərindən şad olduğunu və Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunun gedişindən razı qaldığını söyləmişdir. O, təmsil etdiyi hökumətin Azərbaycanın enerji sektoruna, xüsusilə də ARDNŞ ilə əməkdaşlığa böyük maraq göstərdiyini bildirmişdir. Son illər Azərbaycanın neft-qaz sənayesində qazanılmış nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verən R.Abdullayev Azərbaycanın qaz ixrac edən ölkələr sırasında özünə layiqli yer tutduğunu vurğulamışdır. İxrac marşrutlarının şaxələndirilməsinə ölkəmizdə böyük əhəmiyyət verildiyini söyləyən ARDNŞ-in prezidenti Azərbaycan təbii qazının Avropaya nəqli üçün təklif olunan layihələrin nəzərdən keçirildiyini qeyd etmişdir. Bolqarıstanda ARDNŞ-in uğurlarının diqqətlə izlənildiyini söyləyən T.Traykov ölkəsində fəaliyyət göstərən şirkətlərin qurumla çoxsahəli əməkdaşlığa hazır olduqlarını bildirmişdir. Nazir Bolqarıstan tərəfinin Azərbaycandan təbii qaz almaqda, həmçinin birgə qaz distribusiya şəbəkəsinin qurulmasında ARDNŞ ilə əməkdaşlıq etməyə maraq göstərdiyini də diqqətə çatdırmışdır. T.Traykov ölkəsində sərmayə qoyuluşu üçün əlverişli imkanlar yaradıldığından söz açaraq, ARDNŞ-i Bolqarıstanda həyata keçirilən investisiya proqramlarında iştiraka dəvət etmişdir. R.Abdullayev yaxın perspektivdə Bolqarıstanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın daha yüksək templərlə inkişaf edəcəyinə inandığını söyləmişdir.