SİYASƏT
Bosniya və Herseqovinanın FENA agentliyi Zəfər Günü və “Şuşa İli” ilə bağlı məqalə dərc edib

Sarayevo, 8 noyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın FENA informasiya agentliyi Azərbaycanın Zəfər Günü və “Şuşa İli” ilə bağlı məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, yazıda Şuşa şəhərinin Qarabağın tacı, Azərbaycan xalqı üçün müqəddəs və əziz yer olduğu bildirilir. Qeyd olunur ki, Şuşa şəhəri hər bir azərbaycanlının mənəvi həyatının ayrılmaz hissəsidir. Əsası 1752-ci ildə Azərbaycanın Qarabağ xanlığının xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri bu il 270 illik yubileyini qeyd edir. Şuşa mühüm inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Unikal tarixi ilə seçilən şəhər bir çox dahi şəxsiyyətin ədəbi, mədəni, elmi və ictimai əsərlərində mühüm yer tutub. Ötən əsrin 70-ci illərində Şuşa şəhərinin sürətli inkişafı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafı ilə bağlı xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, Azərbaycan mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Yazıda strateji mövqeyinə görə Şuşanın Azərbaycana hərbi təcavüzə başlayan Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğal edildiyi, işğal zamanı şəhərdə yüzlərlə tarix və mədəniyyət abidəsinin vandalizm nəticəsində dağıdıldığı vurğulanır. Bildirilir ki, Azərbaycanın haqq uğrunda apardığı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edib. Şuşa şəhərinin azad edilməsi Azərbaycan xalqının qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tarixə Zəfər Günü kimi düşüb. Şuşa şəhərində Qələbədən dərhal sonra infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada hazırda şəhərin orijinal tarixi görkəminin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Şəhərin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alan Prezident İlham Əliyev 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo