CƏMİYYƏT
“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirib
Bakı, 28 sentyabr, AZƏRTAC
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.
Təşkilatdan AZƏRTAC-a verilən məlumata görə, şəhid və qazi övladları üçün Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli şəhərində 4 gün müddətində “Xarıbülbül” düşərgəsi, Vətən müharibəsi qazilərinin Qayıdış Könüllüləri və təşkilatın üzvü olan gənclərlə görüşləri, Azərbaycan Dövlət Pedaqoji Universitetində "Qarabağ: Qəhrəmanların dastanı" adlı panel müzakirə və rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub. Təşkilat nümayəndələrinin, qazilərin, üzv və könüllü gənclərin iştirakı ilə İkinci Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən anım tədbirlərində deputatlar, tərəfdaş qurumların nümayəndələri, təşkilatın İdarə Heyətinin üzvləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, Qayıdış Könüllüləri və tələbə gənclər iştirak ediblər.
Tədbirlərin keçirilməsində əsas məqsəd Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini anmaq, gənclərdə vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin gənclər arasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfəri təbliğ etmək, Vətən müharibəsi şəhidlərini və qazilərini cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq olub.
Ayrı-ayrı tədbirlərdə edilən çıxışlar zamanı bildirilib ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə xalqımızın və Ordumuzun gücünü, xalq-ordu-dövlət milli birliyini və vəhdətini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, onların əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ölkəmiz və region üçün əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşlərdə qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş meydanında rəşadətindən, ötən ilin sentyabrında uğurla aparılan lokal xarakterli antiterror tədbirlərindən, xalq-ordu-dövlət birliyindən, müharibə ilə bağlı xatirələrindən, şəhid olmuş döyüşçü yoldaşlarının qəhrəmanlıqlarından və göstərdikləri igidliklərdən bəhs edib, gəncləri maraqlandıran sualları cavablandırıblar.