“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri təşkil olunub VİDEO









Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qurumun sədr müavini Fuad Hüseynov tədbirdə çıxış edərək, qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıqla dəstək göstərdiyini qeyd edib.
F.Hüseynov, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir və bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib, məsul vəzifələr düşür. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılan sosioloji sorğu əsasında əhalinin qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.
ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov işğaldan azad edilmiş ərazilərdə icra olunan genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verib. O, həmçinin doğma yurda qayıdan əhalinin partlayıcı sursatların təhlükəsi ilə bağlı maarifləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirib.
Tədbirdə komitənin Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, Sosial təminat və kommunal xidmətlər şöbəsinin müdiri Rövşən Məmmədov, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev, Hüquq və kadrlar şöbəsinin müdiri Vüsal Xəlilov, Monitorinq şöbəsinin müdir müavini Babək Bayramov, Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdir müavini Tural Qasımlı və digər nümayəndələr iştirak ediblər, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Qeyd edək ki, tədbirdə keçmiş məcburi köçkünlərə dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin qanunvericilikdə əksini tapmış başaçatma müddətləri, müddətin gedişatı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri, eləcə də onları maraqlandıran digər hüquqi məsələlərlə bağlı məlumat verilib.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində tədbirlər planına uyğun olaraq komitənin aidiyyəti şöbə, yerli nümayəndəliklər və mənzil-kommunal istismar sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə mütəmadi maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq onlara təqdim edilir, videoçarxlar nümayiş olunur.