BÖYÜK RƏSSAMIN EV MUZEYİNİN YARADILMASININ 35 İLLİYİ QEYD OLUNMUŞDUR
Tədbirin iştirakçıları əvvəlcə muzeylə, burada toplanan, qorunan və təbliğ edilən eksponatlarla tanış olmuşlar. Rəssamın böyük sənətkarlıqla yaratdığı karikaturalar tamaşaçıları xəyalən XX əsrin əvvəllərinə aparmışdır.
Muzeydə rəssama aid 2 mindən çox müxtəlif eksponat - şəxsi əşyalar, “Molla Nəsrəddin” jurnalında dərc olunmuş satirik rəsmlər, siyasi karikaturalar və sair nümayiş etdirilir.
Muzeyin direktoru Zəhra Əzimzadə yubiley tədbirini açaraq Əzim Əzimzadə irsinin toplanmasında və təbliğində kollektivin həyata keçirdiyi tədbirlərdən danışmışdır. Ölkəmizdə görkəmli sənətkarlarımızın ev və xatirə muzeylərinin açılmasına, onların yaradıcılığının gələcək nəsillərə çatdırılmasına göstərdiyi xüsusi diqqət və qayğıya görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edənlər Azərbaycan təsviri sənətinin inkişafında və geniş məzmun kəsb etməsində Əzim Əzimzadənin əvəzsiz xidmətlərini xüsusi vurğuladılar. Böyük rəssamımızın adını daşıyan muzeyin əməkdaşlarına öz işlərində uğurlar arzuladılar.
Mədəniyyət naziri Polad Bülbüloğlu yubiley münasibətilə ev muzeyinin kollektivini təbrik etdi, nazirlik adından onların hər birinə pul mükafatı verdi.