Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş iştirakçılarını general-polkovnik Zakir Həsənovun adından salamlayan nazir müavini Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsini qeyd edib. K.Vəliyev bu müharibədə yüz minlərlə azərbaycanlının canından keçməsini, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdiklərini xüsusi vurğulayıb.
Nazir müavini veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək qiymətləndirib. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.
Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçiliyə, Ali Baş Komandana həmişə sadiq olan müharibə veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən, Böyük Vətən müharibəsində tarixi Qələbənin 73-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərdən danışıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının veteranlara qayğı, problemlərinin daim diqqət mərkəzində saxlanması baxımından MDB məkanında fərqləndiyini qeyd edib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin veteranlara yüksək diqqət göstərərək onlara qayğıkeşliklə yanaşdığını bildirib.
İkinci Dünya müharibəsi veteranları adından çıxış edən Fatma Səttarova, İsmayıl Fərəcov və digərləri Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə əminliklərini diqqətə çatdırıblar.
Sonda Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna mükafatlar təqdim edilib.