İQTİSADİYYAT
bp ŞİRKƏTİ AZƏRBAYCANIN ƏN İRİ NEFT LAYİHƏSİNDƏ “DEVON ENERJİ”NİN PAYININ ALINMASI İLƏ BAĞLI SÖVDƏLƏŞMƏNİ BAŞA ÇATDIRMIŞDIR
Bakı, 17 avqust (AZƏRTAC). Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun operatoru olan Böyük Britaniyanın bp şirkəti ölkəmizin ən iri neft layihəsi olan AÇG-də ABŞ-ın “Devon Enerji” şirkətinin payının alınması ilə bağlı sövdələşmə prosesinin başa çatdığını elan etmişdir.
“bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir demişdir ki, əlavə iştirak payının alınması qurumun mühüm bir strateji ərazi olan Xəzər regionu ilə bağlı uzunmüddətli öhdəliyinin bir hissəsidir. bp bu regionda artıq güclü bir mövqe tutur və onu gələcəkdə daha da gücləndirmək niyyətindədir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, bu niyyətin digər bir əhəmiyyətli nümunəsi bu yaxınlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Xəzər dənizində “Şəfəq-Asiman” blokunun birgə kəşfiyyatı və işlənməsi üçün Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) əsas kommersiya prinsiplərini müəyyən edən müqavilənin imzalanmasıdır.
AÇG-də “Devon Enerji” şirkətinin 5,63 faiz iştirak payı bp (3,29 faiz) və sövdələşmədə payları almaq hüququndan yararlanmış aşağıdakı tərəfdaşlar arasında bölünmüşdür - “Şevron” (0,99 faiz), “İnpeks” (0,96 faiz) və “İtoçu” (0,38 faiz).
“Devon”dan alınmış əlavə iştirak payı bp-nin AÇG-də birbaşa iştirak payını 37,43 faizə, “Şevron”un, “İnpeks”in və “İtoçu”nun iştirak paylarını isə müvafiq olaraq 11,27 faiz, 10,96 faiz və 4,30 faizə çatdırmışdır. AÇG-də qalan iştirak payları AzAÇG (ARDNŞ-in ortaq şirkəti – 10 faiz), “Statoil” (8,56 faiz), “Ekson” (8,00 faiz), TPAO (6,75 faiz) və “Hess” (2,72 faiz) şirkətlərinə məxsusdur.