DÜNYA
Britaniyada benzinin qiyməti yeni tarixi maksimuma yüksəlib
Bakı, 25 may, AZƏRTAC
Böyük Britaniyada bir litr benzinin orta qiyməti 1,7 funt-sterlinqə (2,13 dollar) çatıb. Bu, ölkədə statistikanın aparıldığı dövr ərzində ən yüksək göstəricidir.
AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, Böyük Britaniyada dizel yanacağının qiymətində də maksimal artım qeydə alınıb. Hazırda dizel yanacağının bir litri orta hesabla 1,81 funt-sterlinqə (2,26 dollar) satılır. Bir il öncə Birləşmiş Krallıqda benzin və dizel yanacağının orta qiymətləri müvafiq olaraq 1,29 və 1,31 funt-sterlinq təşkil edirdi.
Ölkədə yanacağın qiymətinin kəskin artmasına, ilk növbədə, Qərb dövlətlərinin Rusiya qarşı tətbiq etdiyi sanksiyalar səbəb olub. Birləşmiş Krallıq da öz növbəsində 2022-ci ilin sonuna qədər Rusiya neftinin idxalına qadağa qoyub. Sanksiyalar enerji sektorunu da əhatə etdiyi üçün yanacağın qiymətində nəzərəçarpacaq artım baş verib.