BRNO UNİVERSİTETİNDƏ AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI TƏDRİS OLUNACAQDIR
Bu, Azərbaycanda səfərdə olan Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü Peter Plevanın başçılıq etdiyi nümayəndə heyətinin Bakı Slavyan Universitetinin tələbə və müəllim heyəti ilə mayın 29-da keçirilən görüşdə bildirilmişdir.
AZƏRTAC xəbər verir ki, BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev qonaqları təqdim edərək ali məktəbin fəaliyyəti və strukturu barədə məlumat vermişdir. Rektor demişdir ki, 2000-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Bakı Slavyan Universiteti MDB məkanında slavyan dilləri üzrə mütəxəssislər - tərcüməçilər, müəllimlər hazırlayan yeganə təhsil ocağıdır. Burada digər qərbi slavyan dilləri ilə yanaşı çex dili və ədəbiyyatı da öyrənilir. Yaxın günlərdə universitetdə Çex Mədəniyyəti Mərkəzinin açılması nəzərdə tutulmuşdur.
Peter Plevan məmnuniyyətlə bildirmişdir ki, Azərbaycan ilə Çexiya arasında əlaqələr bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində də uğurla inkişaf edir. Görüşdə Çexiyanın bir sıra universitetləri ilə əlaqələrin yaradılmasının vacibliyi vurğulanmışdır. Məsələn, Brno şəhəri universitetinin filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi, habelə Azərbaycan Mədəniyyəti Mərkəzinin açılması barədə razılıq əldə edilmişdir.
Sonra BSU-nun çexiyaşünaslıq və çex dili üzrə ixtisaslaşan tələbələri Səməd Vurğunun “Azərbaycan” şeirini çex dilində oxumuş, mahnılar ifa etmişlər.
Sonda qonaqlar tələbələrin çoxsaylı suallarına cavab vermişlər.