ELM VƏ TƏHSİL
BSU-nun Məktəb-Lisey Kompleksinin müəllimi Moskvada keçirilən beynəlxalq müsabiqənin qalibi olmuşdur
Bakı, 20 noyabr (AZƏRTAC). Bakı Slavyan Universiteti (BSU) Məktəb-Lisey Kompleksinin rus dili və ədəbiyyat müəllimi, klassik rus ədəbiyyatı kafedrasının dosenti İlahə Carçıyeva birinci (distant) turun qalibi kimi noyabrın 15-dən 19-dək Moskvada keçirilən “Xarici ölkələrin ən yaxşı rus dili və ədəbiyyat müəllimi” Beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil etmişdir. Müsabiqə “2011-2015-ci illərdə rus dilinin inkişafı Federal Proqram”ı çərçivəsində həyata keçirilmişdir.
Məktəb-Lisey Kompleksdən AZƏRTAC-a bildirmişlər ki, MDB və Baltikyanı ölkələrin təcrübəli, səriştəli və yaradıcı rus dili və ədəbiyyat müəllimlərinin qatıldığı bu tədbirdə İ.Carçıyeva maraqlı ev tapşırıqları, ölkəmizin təlim rus dilində olan orta məktəblərində tədrisin vəziyyətini və eləcə də rus dilinin xarici dil kimi tədrisinin problemlərini, bu fənlər üzrə Milli kurikulumun tətbiqini və yeni dərsliklərin yaradılması prosesini əks etdirən maraqlı təqdimatla çıxış etmişdir.
Müəllimlər bir sıra nominasiyalar üzrə yarışmışlar. Rusiyanın nüfuzlu alimlərindən ibarət ekspertlər heyəti azərbaycanlı metodist-müəllimin filoloji və professional hazırlığını yüksək qiymətləndirmişlər.
“Rossotrudniçestvo” təşkilatı tərəfindən həyata keçirilmiş tədbirdə İ.Carçıyeva “Xaricdə rus dilinin zənginliyinin qorunması” nominasiyasının qalibi diplomu və “Xarici ölkələrin ən yaxşı rus dili və ədəbiyyat müəllimi” qızıl döş nişanı ilə təltif edilmişdir.