İQTİSADİYYAT
Bu gün Bakı Metropolitenində “qış qrafiki”nə keçilib
Bakı, 15 sentyabr, Elvin Camalov, AZƏRTAC
Sentyabrın 15-də Bakı Metropolitenində yeni tədris ilinin başlanması ilə əlaqədar qatarların payız-qış hərəkət qrafikinin tətbiqinə başlanılıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu gün səhər saatlarında Həzi Aslanov-Dərnəgül xətti istiqamətində sıxlıq müşahidə olunub. Lakin heç bir problem baş verməyib və hal-hazırda qatarlar yeni qrafikə uyğun hərəkətlərini davam etdirir.
Qeyd edək ki, “qış qrafiki”nə keçidlə bağlı qatarların sayı artırılaraq gur saatlarda hərəkət 30 cüt qatar ölçülərinə uyğun təşkil edilib. “Həzi Aslanov-28 May” sahəsində interval 2-2,5 dəqiqəyə (gur və qeyri-gur saatlarda) endirilib. “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” sahəsində isə qatarlar arasında interval, müvafiq olaraq, 4-5 dəqiqə təşkil edir.