DÜNYA
Bu gün Gürcüstanda 10-dan çox müxtəlif növ virus yayılıb

Tbilisi, 21 yanvar, AZƏRTAC
Bu gün Gürcüstanda 10-dan çox müxtəlif növ viruslar dövriyyədədir ki, onlardan da qripə daha çox diqqət yetirilməlidir. Sirkulyasiya edən viruslar arasında qrip ən ağır xəstəlikdir. Kəskin respirator xəstəliklərin əlamətləri ilə xəstəxanalara qəbul olunan xəstələrin sayı iki dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tbilisi İaşvili Mərkəzi Uşaq Xəstəxanasının tibb direktoru professor İvane Çxaidze bildirib.
Onun sözlərinə görə, qrip ən çox ağırlaşmalar və ölümlə xarakterizə olunur. Milli Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, qripə yoluxma hallarının hər həftə artdığı aydındır. Demək olar ki, hər ikinci qripə bənzər xəstəlik qrip virusundan qaynaqlanır.
Qrip virusları arasında ən çox qeydə alınan “donuz qripi” adlanan H1N1 virusu olub. Qrip B virusunun yayılması da yüksəkdir. H3 tipli viruslar nisbətən azdır.
“Klinik sektorda qrip hadisələrinin artması dedikdə, digər növlərə nisbətən daha ağır olan halları nəzərdə tuturuq. İaşvili klinikasında kəskin respirator xəstəliklər əlamətləri ilə qəbul olunan xəstələrin sayı təxminən iki dəfə artıb. Bu xəstələrin 40 faizində pnevmoniya var”, - deyə Çxaidze bildirib.
Qeyd edək ki, Gürcüstanda son iki həftə ərzində bir neçə nəfər "donuz qripi"ndən ölüb. Pasiyentlər H1N1 virusunun fəsadları fonunda yanaşı xəstəliklərdən ölüblər, onların heç biri peyvənd olunmayıb. Xəstələr əsasən qızdırma şikayətləri ilə xəstəxanaya müraciət edirlər.
Həkimlər qeyd edirlər ki, "donuz qripi"nin antiviral müalicəsi xəstəliyin ilk 72 saatı ərzində effektivdir, buna görə də xəstələri vaxtında həkimə müraciət etməyə və özünümüalicəyə əl atmamağa çağırırlar.
Həkimlər yanvarın sonunda virusun pik həddə çatacağını gözləyirlər.
Tbilisi