CƏMİYYƏT
Bu gün prokurorluq orqanlarının bütün əməkdaşları, veteranlarımız bütövlükdə ölkənin hüquq ictimaiyyəti prokurorluq işçilərinin peşə bayramını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər
Bakı, 1 oktyabr (AZƏRTAC). Bu gün prokurorluq orqanlarının bütün əməkdaşları, veteranlarımız, bütövlükdə ölkənin hüquq ictimaiyyəti prokurorluq işçilərinin peşə bayramını və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 95 illik yubileyini yüksək əhval-ruhiyyə ilə qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov oktyabrın 1-də jurnalistlərə müsahibəsində demişdir.
Baş prokuror bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik iradəsinə uyğun olaraq gerçəkləşən bu reallıq Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında tutduğu yeri müəyyənləşdirməklə, bu orqana göstərilən yüksək qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşımızda böyük qürur hissi doğurur.
Müsahibəsində prezident seçkilərinə toxunan Z.Qaralov demişdir ki, oktyabrın 9-da keçiriləcək seçkilərlə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi, seçki komissiyalarından vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olan cinayət əməlinin olması ehtimal edilən məlumatlara dərhal baxılması və cinayəti törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi işinin daha səmərəli həyata keçirilməsi məqsədi ilə işçi qrupu yaradılmışdır.
Prokurorluq orqanları digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə seçki ərəfəsində və sonrakı mərhələlərdə də qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ölkəmiz üçün bu məsuliyyətli mərhələdə dövlətçiliyə qarşı yönəlmiş hər cür qəsdlərə qarşı barışmaz mübarizəni davam etdirəcəkdir.
Z.Qaralov bildirmişdir ki, bu gün ölkəmizdə korrupsiyaya qarşı mübarizə Baş Prokurorluğun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu kateqoriyadan olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılması məqsədi ilə prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Baş Prokurorluq dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı barışmaz mübarizənin təşkili istiqamətində qətiyyətli tədbirlər həyata keçirir.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cari ilin 9 ayı ərzində görülən işlər çərçivəsində ötən müddətdə idarənin nəzdində fəaliyyət göstərən “161 - Qaynar xətt” əlaqə mərkəzinə 3853 müraciət daxil olmuşdur. İdarədə araşdırılmış 302 müraciətdən 21-i üzrə cinayət işi başlanmışdır. Bundan başqa, cari ilin 9 ayı ərzində idarə tərəfindən rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya ilə bağlı digər faktlar üzrə 251 şəxs barəsində 138 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Cari ilin ötən dövründə idarə tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 31 şəxs cinayət başında yaxalanmaqla barələrində 23 cinayət işi başlanmışdır. İstintaq dövründə fiziki və hüquqi şəxslərə vurulmuş 14,5 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin edilmişdir.
İsmayıllı hadisələri ilə bağlı sualı cavablandıran baş prokuror demişdir ki, cari il yanvarın 23-24-də İsmayıllı şəhərində xuliqanlıq və sair cinayətlər törətməkdə təqsirləndirilən şəxslər barəsində istintaq olunan cinayət işinin materiallarından iki şəxs barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı tamamlanaraq avqustun 26-da aidiyyəti üzrə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən digər şəxslər barəsində olan cinayət işi üzrə də istintaq artıq tamamlanmış və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yaxın vaxtlarda aidiyyəti məhkəməyə göndərilməsi nəzərdə tutulur.
Z.Qaralov diqqətə çatdırmışdır ki, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək insan orqanlarının qanunsuz köçürülməsi faktları ilə bağlı başlanmış cinayət işinin materiallarından mərkəzin direktoru (Dilarə İsmayılova) barəsində cinayət işi ayrıca icraata ayrılmaqla istintaqı tamamlanaraq baxılması üçün Məhkəməyə göndərilmişdir.
Elşad Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.
Qeyd olunmuşdur ki, “EL” hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimov Baş Prokurorluğa etdiyi müraciətində “Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirmişdir.
Məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində araşdırmalar davam etdirilir. Bildirmək istəyirəm ki, baş verə biləcək istənilən qanunazidd hərəkətlərin qarşısı qanun çərçivəsində tam qətiyyətlə alınacaqdır.
Z.Qaralov diqqətə çatdırmışdır ki, Rail Rzayevin qətlə yetirilməsi faktına görə dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci, 29-cu, 120.2.7-ci və 228.1-ci maddələri ilə cinayət işi başlanmış, Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Müxtəlif fərziyyələr ətrafında işin bütün halları üzrə çoxşaxəli və intensiv istintaq aparılmaqla, o cümlədən mürəkkəb kompleks ekspertizalar keçirilərək müvafiq rəylər alınmış və digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir. Hazırda cinayətin açılması və onu törədənlərin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.