Bu gün Ümumdünya Sosial İş Günüdür
Bakı, 20 mart, AZƏRTAC
Əmək fəaliyyətinin elə sahələri var ki, orada çalışarkən peşəkarlıqdan daha çox can yanğısı və özünü fəda etmək tələb olunur. Həmin sahədə şəxsi keyfiyyətlər və qəlbin səsinə qulaq asmaq da çox vacib məsələdir. Sosial iş məhz belə bir sahədir. Ona görə də peşə bayramları təqvimində Ümumdünya Sosial İş Günü də var.
AZƏRTAC xəbər verir ki, hər il martın üçüncü çərşənbə axşamı Ümumdünya Sosial İş Günü kimi qeyd edilir. Peşə bayramının təşəbbüskarı və təşkilatçısı öz ətrafında sosialyönümlü işlərin nümayəndələrini birləşdirən beynəlxalq təşkilatlar- Sosial İşçilərin Beynəlxalq Federasiyası və Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası olub. Sosial Təminat üzrə Beynəlxalq Məsləhət Şurası, həmçinin dünyanın 80-dan artıq ölkəsinin milli dövlət və qeyri-dövlət sosial təşkilatları və müəssisələri təşəbbüsə tərəfdar çıxıblar.
Sosial iş ən müxtəlif sahələri əhatə edir. Bura uşaqlarla iş, ailələr, əlillər, təqaüdçülər, veteranlar, sağlamlıq imkanı məhdud olanlar, çətin həyat şəraitində yaşayanlar, evsizlərlə iş və s. daxildir. Əlbəttə, bu, heç də həmin işlərin tam siyahısı deyil. Bu sahədə çalışanlar böyük sosial yük daşıyırlar.
Sosial iş çətin sahədir, böyük səbir, dözüm və peşəkarlıq tələb edir, çünki müxtəlif xarakterə, təbiətə, ailə və sağlamlıq vəziyyətinə malik insanlarla işləmək, üstəlik onların ehtiyaclarını həll etmək və yüngülləşdirmək lazım gəlir.