CƏMİYYƏT
Bu gündən COP29-la bağlı iki dildə fəaliyyət göstərən Çağrı Mərkəzi fəaliyyətə başlayıb
Noyabrın sonuna kimi *1029 nömrəsi vasitəsilə müraciətlər cavablandırılacaq
Bakı, 1 noyabr, AZƏRTAC
COP29 tədbirinə hazırlıq məqsədilə bu gündən etibarən Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Məqsəd ziyarətçi təcrübəsinin yaxşılaşdırılması və qonaqların məlumatlılıq səviyyəsinin yüksəldilməsidir. Həm şəhərin qonaqları, həm tədbir iştirakçıları, həm də yerli sakinlər *1029 qısa nömrəsinə yığaraq öz suallarına cavab tapa bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətində ziyarətçi təcrübəsi üzrə sektor müdiri İlkin Cavadov jurnalistlərə müsahibəsində deyib.
Çağrı Mərkəzinin COP tədbirləri tarixində ilk dəfədir yaradıldığını bildirən İ.Cavadovun sözlərinə görə, ziyarətçilər və tədbir iştirakçıları ənənəvi zəng üsulu olan Çağrı Mərkəzindən əlavə, rəsmi cop29.az veb-saytı üzərindən xüsusi çat, eyni zamanda, vatsap və teleqram kanallarından faydalana bilərlər.
Bildirilib ki, Çağrı Mərkəzi və çatlar vasitəsilə Azərbaycan və ingilis dillərində xidmət göstəriləcək. “Mərkəzin noyabrın 1-dən ayın sonuna kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Noyabrın 4-dən etibarən pre-sessiyaların başlaması səbəbindən iş rejimi 24 saat olacaq. Bu, noyabrın 23-nə kimi davam edəcək. Noyabrın 1-dən 4-nə kimi və noyabrın 23-dən sonra ayın sonuna kimi qısaldılmış rejimdə fəaliyyət göstərəcək. Çünki bəzi qonaqlar ölkəmizdə tədbirdən sonra da bir neçə gün qalacaqlar. Ona görə də noyabrın sonuna kimi onlara dəstəyimizi davam etdirmək istəyirik. Hazırda Çağrı Mərkəzi qısaldılmış rejimdə - səhər 8:00-dan axşam 20:00-a kimi fəaliyyət göstərir. Çağrı Mərkəzində təkcə bir növbə üzrə 8 nəfər müraciətləri cavablandıracaq. Tədbirin başlamasından sonra monitorinq aparılaraq zənglərin, müraciətlərin çoxluğuna əsasən işçi sayı tənzimlənəcək”, - deyə İ.Cavadov qeyd edib.