CƏMİYYƏT
Bu günədək 416 hektar meşə fondu ərazisi payız əkin mövsümü üçün hazır vəziyyətə gətirilib

Bakı, 3 oktyabr, AZƏRTAC
Meşə fondu torpaqlarının açıq sahələrində bu günədək, ümumilikdə 416 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, respublikanın meşə fondu torpaqlarında payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində torpaq hazırlığı işləri davam edir.
Əkin mövsümü ilə əlaqədar Lənkəran, Masallı, Tovuz, Sabirabad, Şabran, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Ağcabədi, Göygöl, Cəlilabad, Bərdə, Şəmkir, Gədəbəy və digər rayonların meşə fondu torpaqlarının açıq sahələrində bu günədək, ümumilikdə 416 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb.
Payız əkin planına uyğun olaraq meşə sahələrində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilən palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlifcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək.