Bu il Gəncədə istehsal olunan sənaye məhsulunun 53,9 faizi xarici ölkələrə ixrac edilib
Gəncə, 18 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərində 2018-ci ilin birinci rübü ərzində qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb, müsbət makroiqtisadi göstəricilər əldə edilib. Birinci rübdə şəhər üzrə ümumi məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz çox olmaqla, 236 milyon manat təşkil edib. Şəhər əhalisinin bir nəfərinə düşən ümumi məhsulun həcmi 709 manata bərabər olub ki, bu da ötən ilin birinci rübünə nisbətən 28,5 faiz çoxdur. Şəhər üzrə istehsal olunan məhsulun 71,9 faizi qeyri-dövlət bölməsinin payına düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu iqtisadi göstəricilər və digər məsələlər barəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2018-ci ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verib.
Elmar Vəliyev qeyd edib ki, yanvar-mart aylarında ümumi məhsulun 47,6 faizi sənayedə, 33 faizi ticarətdə və nəqliyyat vasitələrinin təmirində, 12,3 faizi tikintidə, digər hissəsi isə nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya sahələrində qeydə alınıb. Ümumi məhsulun 59,9 faizi iqtisadiyyatın istehsal, 40,1 faizi isə xidmət sahəsində əldə olunub. Ümumi məhsul buraxılışının xüsusi çəkisi iqtisadiyyatın dövlət bölməsində 28,1 faiz, qeyri-dövlət bölməsində isə 71,9 faiz təşkil edib.
Bildirilib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Məhz sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin 3 ayı ərzində 112 milyon 283 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz çox sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. Şəhərdə sahibkarlıq üçün yaradılan münbit şəraitin nəticəsidir ki, bu gün özəl müəssisələr tərəfindən istehsal olunan məhsulun həcmi ümumi sənaye məhsulunun 70,6 faizini təşkil edib. Ümumi istehsalın 92,9 faizi sənaye mallarının istehsalı, 7,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb. Ötən dövrdə Gəncə şəhərində istehsal olunan sənaye məhsulunun 46,1 faizi respublika daxilində, 53,9 faizi isə Rusiya, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrə ixrac olunub.
Şəhərdə təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki və tədris-metodiki bazasının müasirləşdirilməsi, eləcə də yeni avadanlıqlarla təmin olunması, mövcud obyektlərin əsaslı surətdə yenidən qurulması və təmiri, yeni məktəb binalarının inşası daim diqqətdə saxlanılıb.
Gəncənin sosial-mədəni həyatında gənclərin fəal iştirakı təmin edilib, 2018-ci ilin birinci rübündə müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib. Bu ilin üç ayında keçirilmiş 36 müxtəlif tədbirdə 5 min 400-dən çox gənc və yeniyetmə iştirak edib.
Hesabat yığıncağında bu ilin sonunadək şəhərdə infrastrukturun təkmilləşdirilməsi, sosial, iqtisadi, mədəni, o cümlədən idman sahələrində görüləcək işlər və qarşıya qoyulan vəzifələr geniş müzakirə olunub.