CƏMİYYƏT
Bu il prokurorluq orqanlarında stajorluq keçən işçilər üçün təşkil edilmiş hazırlıq kursu uğurla başa çatdırılıb
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq sərəncamına əsasən prokurorluq orqanlarına 2022-ci ildə qulluğa qəbul olunmuş və stajorluq keçən 75 işçi üçün hazırlıq kursu üzrə tədris tədbirləri qarışıq formada, o cümlədən bu il mayın 11-25-i və 31 iş yerindən ayrılmadan internet üzərindən onlayn rejimində, mayın 26 və 27-si isə əyani formada Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursa təlimçi qismində prokurorluğun təcrübəli işçiləri ilə yanaşı, Milli Məclisin və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın məsul nümayəndələri, səhiyyə və ədliyyə orqanlarının ekspertiza mərkəzlərinin peşəkar əməkdaşları cəlb olunaraq, bu tədbirin ərsəyə gəlməsində müxtəlif statusda 130 nəfərdən artıq şəxs iştirak edib.
Hazırlıq kursunun tədris proqramında praktiki əhəmiyyət kəsb edən, öyrənilməsi dövlət proqramlarında nəzərdə tutulan, eləcə də praktiki fəaliyyətdə əhəmiyyətli, habelə mürəkkəb xarakter daşıyan mövzulara üstünlük verilib. Dinləyicilərdə peşə vərdişlərinin formalaşmasına töhfə verəcək bu mövzular üzrə məşğələlər müasir informasiya-kommunikasiya texnologiyalardan, eləcə də təhlil-tədqiqat materiallarından geniş istifadə etməklə tədris edilib.
Həmçinin kurs dövründə dinləyicilər Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının fəaliyyəti ilə yaxından tanış olublar, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən hazırlanmış səhnələşdirilmiş hadisə yerinə baxışın və dronla çəkilişinin aparılmasında iştirak ediblər, habelə təcrübə mübadiləsi məqsədilə Bakı şəhərinin rayon prokurorluqlarında real şəraitdə keçirilən prosessual hərəkətləri müşahidə ediblər.
Mədəni tədbirlər çərçivəsində gənc prokurorluq işçiləri milli-mənəvi dəyərlərimizi, tariximizi, bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirən Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Mövcud olan əməkdaşlıq haqqında anlaşma memorandumlarına əsasən təcrübə mübadiləsi məqsədilə bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müəllim heyətinin üzvləri, eləcə də Dövlət Gömrük Komitəsi Akademiyasının magistratura səviyyəsində təhsil alan şəxslər müşahidəçi qismində iştirak ediblər.