Bu ilin yanvar-fevral aylarında 39 milyon 45 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 12 mart, AZƏRTAC
2025-ci ilin yanvar-fevral aylarında narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
İşçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1521 cinayət faktı aşkarlanıb. Onlardan 447-si narkotik vasitələrin qanunsuz satışı, 1069-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 461 kiloqram 247, 933 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 269 kiloqram 316, 871 qramını marixuana, 102 kiloqram 963,95 qramını heroin, 32 kiloqram 819,082 qramını tiryək, 13 kiloqram 325,5 qramını həşiş, 4 kiloqram 158,247 qramını digər narkotik vasitələr və 38 kiloqram 664,283 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 2074 ədəd metadon, 15 ədəd çətənə bitkisi, 3 kiloqram 210 qram və 13155 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Qanunsuz dövriyyədən çıxarılmış 1 ton 461 kiloqram 247, 933 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 39 milyon 45 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 545 nəfər cəlb edilib, onlardan 17-18 yaşadək 1 nəfər, 18-25 yaşadək 32 nəfər, 26-29 yaşadək 91 nəfər, 30 yaş və ondan yuxarı isə 421 nəfər təşkil edir. Həmin şəxslərdən 523-ü kişi, 22-si qadın olub. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş 17 xarici ölkə vətəndaşından 8-i İran, 3-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 202 kiloqram 081,647 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 38 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 429 kiloqram 905,233 qram və 2074 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 155 ədəd həb güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə aşkar edilmiş cinayətlər 39 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 455 kiloqram 780,203 qram maddə müsadirə edilib. 205 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 406 kiloqram 734,4 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlillər göstərir ki, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 459, qanunsuz satış ilə bağlı faktların sayı 119, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 342, qrup halında olan cinayətlərin sayı 1 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 5 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 387 nəfər azalıb.
Bu kateqoriyadan olan digər cinayətlərin sayı 2 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 248 kiloqram 248,613 qram artıb.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilin müvafiq dövründə qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 53 kiloqram 800,4 qram (34,3 faiz),həşişin çəkisi 9 kiloqram 523,95 qram (41,7 faiz), psixotrop maddələrin çəkisi 14 kiloqram 656,382 qram (27,5 faiz) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 269 kiloqram 316,871 qramı(86,8 faiz) marixuana təşkil edib. Onun da 1 ton 154 kiloqram 043,671 qramı (90,9 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 115 kiloqram 273,2 qramı (9,0 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı ilə 2025-ci il yanvarın 28-də qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kiloqram 332,011 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilib.
Eyni zamanda, qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 701 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 19 kiloqram 583,692 qram müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 129 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 14750 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 854 nəfərdən 426 nəfərin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
2025-ci ilin yanvar-fevral ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 153 vətəndaş müraciəti daxil olub ki, onların 16-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 20-i narkotik asılılıqdan müalicə, 117-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 36 məktub ünvanlanıb.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.