İQTİSADİYYAT
BU İLİN YANVAR-İYUL AYLARINDA ÖLKƏNİN NƏQLİYYAT SEKTORUNDA 764,9 MİLYON SƏRNİŞİN DAŞINMIŞDIR
Bakı, 14 avqust (AZƏRTAC). Cari ilin yanvar-iyul aylarında nəqliyyat sektorunda 764,9 milyon sərnişin daşınmışdır. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sərnişinlərin 85,6 faizi avtomobil, 13,9 faizi metro nəqliyyatı ilə daşınmışdır.
İlin ilk yeddi ayında özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 3,6 faiz artmışdır.
Bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmanın payı nəqliyyat sektorunda 73,3 faiz təşkil etmişdir.
Ümumiyyətlə, yanvar-iyul aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən hüquqi və fiziki şəxslərə 2,1 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çox xidmət göstərilmişdir.
Yeddi ay ərzində nəqliyyat müəssisələri və fərdi sahibkarlar tərəfindən 109,5 milyon ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çox yük daşınmışdır.
Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 49,6 faizi avtomobil, 33 faizi boru kəməri, 11,6 faizi dəmir yolu, 5,8 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir.