Budapeştdə keçirilən V Dünya Elm Forumu öz işini başa çatdırmışdır
Budapeşt, 21 noyabr (AZƏRTAC). Budapeştdə keçirilən V Dünya Elm Forumu öz işini başa çatdırmışdır. Dünya alimlərinin beynəlxalq toplantısında başlıca mövzu müasir elmin üzləşdiyi problemlərin təhlili və müzakirəsi olmuşdur.
İki ildə bir dəfə keçirilən Forum Macarıstan EA, UNESCO, Elmi Təşkilatların Beynəlxalq Şurası (ETBŞ) və ABŞ-ın Elmin İnkişafına Yardım Şurasının (EİYŞ) birgə səyi ilə təşkil olunmuşdur.
Forumun açılış mərasimində Macarıstanın Baş naziri Viktor Orban, BMT-nin baş katibi Pan Gi Mun, UNESCO-nun baş katibi İrina Bokova, Macarıstan EA-nın prezidenti Yozef Palinkas, ETBŞ-in prezidenti Yuan Tsze Li, EİYŞ-in icraçı direktoru Alan Leşner və Avropa Komissiyasının Birləşmiş Tədqiqatlar Mərkəzinin direktoru Dominik Ristori çıxış etmişlər.
Yüzə yaxın ölkədən gəlmiş alimlər üç gün ərzində dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar elmin vəzifələri, elm və texnikanın inkişafındakı yeni amillər, ali təhsil sahəsindəki təmayüllər və yeni tədqiqat üsulları ilə bağlı müzakirələr aparmışlar.
Azərbaycan MEA-nın prezidenti, akademik Mahmud Kərimov, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun sədri Elçin Babayev, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Forumun işində iştirak etmişlər.
1999-cu ildən etibarən Macarıstanda təşkil olunan Dünya Elm Forumunun növbəti, VI toplantısını Rio-de-Janeyroda (Braziliya) keçirmək qərara alınmışdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt