Budəfəki hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahələri özəlləşdirilib
Bakı, 30 aprel, AZƏRTAC
Budəfəki hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahələri özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komitə tərəfindən keçirilən hərraclarda bütün investorlar rahatlıqla iştirak edərək əmlak sahibi ola bilər. Elektron hərrac sistemi ilə bütün növ dövlət əmlaklarının özəlləşdirilməsinə istənilən yerdən onlayn formada qoşulmaq mümkündür. Bu iştirak imkanları hərraclara marağı artırır, özəlləşdirmə prosesində rəqabət və vətəndaş məmnuniyyətini təmin edir.
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac aprelin 30-da keçirilib. Hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi kateqoriyalarından olan dövlət əmlakları özəlləşdirilib. Hərracda özəlləşdirilən dövlət əmlaklarından biri Qusar rayonu, Gədəzeyxur kəndində yerləşən “Qusar Tədarük Satış Bazası”dır. Ümumi faydalı sahəsi 3813 kvadratmetr olan kiçik dövlət müəssisəsi geniş torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bu da əmlakın iqtisadi potensialını artırır, investor üçün gəlirli fəaliyyət imkanları yaradır.
Budəfəki hərraca çıxarılan nəqliyyat vasitələri rəqabətli mühit yaradıb. Belə ki, istehsal ili 2006-cı il olan “QAZ” markalı nəqliyyat vasitəsi üçün 5 sifarişçi hərracda iştirak edib. Bu avtomobilin ilkin hərrac qiyməti 7 min manat təyin olunsa da, qalib iştirakçı 9 min 400 manat təklif edərək onu özəlləşdirib. Rəqabətli hərrac “Kia Pregio” markalı avtomobil üçün də xarakterikdir. 2000-ci ildə istehsal olunan nəqliyyat vasitəsi üçün 3 sifariş qəbul edilib. Dövlət əmlakı hərracda 4 min 100 manata özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 29-da keçiriləcək növbəti hərraca ümumilikdə 58 dövlət əmlakı çıxarılıb. Onlardan 42-si kiçik dövlət müəssisə və obyekti, 16-sı isə qeyri-yaşayış sahələridir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2095,1 kvadratmetr arasındadır. Bu kateqoriyadan olan dövlət əmlaklarına turizm, ticarət, təsərrüfat obyektləri, zavod, fabrik filialları və digər müəssisələr aiddir. İnvestor Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Əliyev küçəsindəki ticarət obyektini torpaq sahəsi ilə birgə özəlləşdirə bilər. Mağazanın ümumi faydalı sahəsi 184,6 kvadratmetr, torpaq sahəsi isə 231,8 kvadratmetrdir.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12,5 kvadratmetr ilə 213,7 kvadratmetr arasındadır. Ofis və ya xidmət obyekti kimi istifadə oluna bilən dövlət əmlaklarından 6-sı Bakıda, 4-ü Sumqayıtda, 2-si Gəncədə, digərləri isə Tərtər, Bərdə, Daşkəsən və Sabirabadda yerləşir. Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 92,2 kvadratmetrdir. Beş mərtəbəli binadakı dövlət obyekti üçün ilkin qiymət 12 min manat təyin olunub.
Özəlləşməyə çıxarılan dövlət əmlakları ilə tanış olmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Elektron resurslarda seçim etdikdən sonra hərracda iştirak statusu qazanmaq üçün sifariş linkinə daxil olmalıdır. Açıq və şəffaf hərraclarda sifarişçilərlə yanaşı, digər şəxslərin də həm onlayn, həm də məkana gəlməklə iştirakı təmin edilir.