BÜLBÜLƏDƏKİ YAY SAĞLAMLIQ DÜŞƏRGƏSİ UŞAQLARIN İXTİYARINA VERİLMİŞDİR
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin müdiri Bərxudar Bərxudarov, 140 nömrəli məktəbin direktoru Məcid Rəsulov, Bülbülə bələdiyyəsinin nümayəndəsi Elçin Seyfullayev və başqaları çıxış etmişlər.
Natiqlər səhhətində, əqli və ya fiziki inkişafında qüsurları olan uşaqların digər yaşıdları ilə birgə əylənmək, istirahət etmək, sağlamlıqlarını möhkəmləndirmək və asudə vaxtdan daha səmərəli yararlanmaq hüquqlarının qorunmasına yönəldilmiş bu missiyanı alqışlamış, təşkilatçılara xoş sözlər ünvanlamışlar.
Ulu öndər H.Əliyev tərəfindən uşaqlara göstərilən qayğı və diqqətin Prezident İlham Əliyevin məqsədyönlü siyasətində özünü ardıcıl göstərdiyini vurğulayan “Qriqami” İB-nin əlaqələndiricisi, “Qayğı” reabilitasiya mərkəzinin direktoru Namiq Nəcəfov bildirmişdir ki, şəhər tipli YSD-də 3 məşğələ otağı, bir yataq otağı, həyətində “söhbətgah”lar yaradılmışdır. Uşaqların sağlamlığına nəzarət üçün Suraxanı rayonundakı 8 nömrəli poliklinikanın iki tibb bacısı təhkim edilmişdir. YSD-də uşaqlara həftədə 3 gün musiqi ilə məşğul olmaq imkanı yaradılmışdır. Burada rəsm, plastilinlə işləmə dərsləri, qriqami-Yaponiya üslubu ilə kağız üzərində bədii əl işləri məşğələləri keçilir, həftədə 1 dəfə şəhərin görməli yerlərinə ekskursiyalar təşkil olunur.
N.Nəcəfov bildirmişdir ki, yay istirahətinin təşkili 2006-cı ildə olduğu kimi, 2007-ci ildə də “Qriqami” İB və “Qayğı” reabilitasiya Mərkəzi tərəfindən pulsuz həyata keçirilir.