Bundestaqın spikeri Aİ-də islahatların hüquqi əsaslarından narahatdır
Berlin, 30 aprel, AZƏRTAC
Bundestaqın sədri və AFR-in keçmiş maliyyə naziri Volfhanq Şoyble Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-da aparılacaq bir sıra islahatların hüquqi əsasları ilə bağlı qayğılarını dilə gətirib. AZƏRTAC xəbər verir ki, alman siyasətçi öz fikirlərini “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.
“Mən Emmanuel Makronun Avropa İttifaqı sazişinə həqiqətənmi dəyişiklik etmək istədiyini anlamadım”,- deyən Şoyble, ilk növbədə, Avropa cəmiyyətinin idarəetmə sistemində islahatlar aparılmasına dair Lissabon sazişini nəzərdə tutub. Bundestaqın rəhbərinin sözlərinə görə, vahid Avropa valyutasının mövcudluğu bu zonada ayrı-ayrı dövlətlərin iqtisadi və sosial siyasətlərinin eyni olmasını nəzərdə tutmur. Makron, öz növbəsində, avrozonada ümumi büdcənin olmasında və onun idarə olunması üçün vahid maliyyə naziri postunun təsis edilməsində israrlıdır.
Alman bundestaqında bu addımın maliyyə baxımından daha az sabit olan İtaliya və Yunanıstana verilən dəstəyin gücləndirilməsinə səbəb olacağından ehtiyatlanır və onlara ayrılan vəsaitlərin islahatların keçirilməsi ilə uzlaşdırılmasını tələb edirlər.
Bununla belə, Almaniya Xristian-Demokratik İttifaqı partiyasının təmsilçisi Şoyble Berlində iqtidar koalisiyasından olan deputatların fransız liderin təkliflərini rədd etdiklərini təkzib edib. “Bu, həqiqətə uyğun deyil. Mən o görüşdə olmuşam. Əslində, biz Prezident Makronun təkliflərinin əksəriyyətini dəstəkləmişik”, - deyə Volfhanq Şoyble bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin