Bursada Azərbaycanın kino yaradıcılığına dair təqdimatlar təşkil edilib



Bursa, 5 noyabr, AZƏRTAC
Türkiyənin Bursa şəhərində davam edən II “Qorqud Ata” Türk Dünyası Film Festivalı çərçivəsində Türk Dünyası Kino Zirvəsi keçirilib. Tədbirdə Azərbaycanın Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovun başçılığı ilə nümayəndə heyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, Rüfət Həsənov iştirakçıları Azərbaycanın kino sektorundakı yeniliklərlə tanış edib. O, Mədəniyyət Nazirliyinin dəstəyi və Türkiyənin “Bozdağ” film şirkəti ilə birgə istehsalatda olan “Vətən müharibəsi” 8 bölümlük serial, Özbəkistanla müştərək nəzərdə tutulmuş “Molla Nəsrəddin və ya çətin günlərimin dostu” bədii film layihələri haqqında məlumat verib. Daha sonra Azərbaycan Film Komissiyasının “Filming Azerbaijan” videoçarxı nümayiş olunub.
Tədbirdə türkdilli ölkələrdən gələn kinematoqrafçılar ortaq əməkdaşlıq üçün öz film layihələrini təklif ediblər. Rejissor və prodüser Elməddin Alıyev “Nargin” adlı bədii-sənədli film layihəsini, Ramil Ələkbərov Qarabağ Futbol Klubu ilə bağlı “30 mövsüm səfərdə” adlı 3 seriyalı sənədli film layihəsinin təqdimatını keçirib.
Tədbirdə, həmçinin gələn il 100 ili tamam olacaq “Azərbaycanfilm” kinostudiyası haqqında ətraflı məlumat verilib, videoçarx nümayiş olunub. Tədbirin sonunda bütün iştirakçılar 2023-cü ildə Şuşada keçiriləcək III “Qorqud Ata” Türk Dünyası Festivalına dəvət olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa