CƏMİYYƏT
Bütün dünya Qarabağın gözəl guşələri ilə tanış olmalı, xüsusilə həqiqətləri görməlidir – özbəkistanlı jurnalistlər
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan özbəkistanlı jurnalistlər oktyabrın 25-də AZƏRTAC-da həmkarları ilə görüşüb, işğaldan azad edilmiş torpaqlarımıza səyahətləri ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar, həmçinin ölkələrimiz arasında dostluq-qardaşlıq münasibətlərindən, media və mədəniyyət sahələrində gələcək əməkdaşlıq əlaqələrindən bəhs ediblər.
“Ikbol TV” telekanalının aparıcısı Sevara Raxmaqullaeva AZƏRTAC-ın əməkdaşı ilə söhbətində ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrdə uğurla inkişaf etdiyini deyib. O, əsasən media sahəsində ikitərəfli münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Qarabağ və Şərqi Zəngəzurdakı vəziyyəti sosial şəbəkələrdən izlədiyini, həmin ərazilərə səfər etməyin hər zaman arzusunda olduğunu bildirən özbəkistanlı jurnalist deyib: “Biz Özbəkistan media nümayəndələri olaraq bu arzumuza çatdıq. Beş gündür ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində səfərdəyik. Hər bir şəhərin özünəməxsus, təkrarolunmaz təbii gözəlliyinə heyran olduq. Füzuli, Şuşa, Ağdam, Laçın və Zəngilan bölgələrindən materiallar, məqalələr və videoreportajlar hazırladıq. Qarabağın işğalı dövründə törədilən dağıntıların yerini indi genişmiqyaslı bərpa-quruculuq işləri alıb. Biz dağıdılmış əraziləri də gördük, dini, tarixi və mədəni abidələrə qarşı törədilən vandalizm aktı ilə yaxından tanış olduq. Gördüklərimiz barədə bizə geniş məlumat verildi. Biz hazırladığımız bütün materialları beynəlxalq ictimaiyyətə təqdim edəcəyik. Bütün dünya Qarabağın gözəl guşələri ilə tanış olmalı, ən vacibi isə həqiqətləri görməlidir”.
Özbəkistanın “anıq.uz” xəbər saytının müxbiri Nizomjon İslomov və “kun.uz” internet portalının Beynəlxalq informasiya şöbəsinin redaktoru Şukrat Şokirjonov ölkələrimizin tarixi, dini, mədəni əlaqələr baxımından bir-birinə yaxın olduğunu bildiriblər. Qeyd ediblər ki, iki ölkə arasında media sahəsində də əməkdaşlıq gündən-günə genişlənir. Eyni zamanda, Özbəkistan Qarabağda aparılan bərpa-quruculuq işlərində Azərbaycana bundan sonra da dəstək verməyə hazırdır. Qarabağın işğaldan azad olunan ərazilərinə səfərləri barədə danışan media nümayəndələri dağıdılan ərazilərlə yaxından tanış olduqlarını deyiblər. Hazırladıqları məqalələrdə dağıdılan evlər, tarixi abidələrimiz, hazırda görülən bərpa-quruculuq işləri barədə ətraflı məlumatların yer aldığı vurğulanıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin administratoru Yusif Məmmədov mərkəzin əsas istiqamətinin mədəniyyətimizi bu ölkədə təbliğ etmək olduğunu bildirib. Qeyd edib ki, hər il özbəkistanlı jurnalistlərin mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfərləri olub. Bu il də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və ölkəmizin Özbəkistandakı səfirliyi, onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə oktyabrın 21-dən 25-dək ölkəmizə mediaturu təşkil olunub. Mediatur Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” və ICESCO təşkilatı tərəfindən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədardır.
Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə danışan Y.Məmmədov orada Heydər Əliyev Muzeyinin, Azərbaycan Tarixi və Dövlətçiliyi Muzeyinin, Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin, “Odlar yurdunun naxışları” Azərbaycan xalçaları muzeyi və sərgi zalının, kitabxananın, kurs və dərnəklərin fəaliyyət göstərdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu kurslar Özbəkistandakı azərbaycanlılar üçün məktəb funksiyasını da həyata keçirir. Burada Azərbaycan dili, tarixi, milli rəqslər, rəsm, əl işləri, milli musiqi alətləri üzrə dərnəklər fəaliyyət göstərir.
“Özbəkistanda yaşayan azərbaycanlılar üçün Mədəniyyət Mərkəzi müqəddəs bir ocaqdır. Mərkəzimiz Özbəkistanda öz fəallığı ilə seçilir və dəfələrlə qardaş ölkədə “İlin ən fəal Mədəniyyət Mərkəzi” adına layiq görülüb. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildən bu günədək Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatına dair 120-dən çox nəşr özbək dilinə tərcümə edilib və çap olunub. Həmçinin Mərkəz tərəfindən Özbəkistanda bir sıra tədbirlər təşkil olunub”, - deyə o bildirib. Qeyd edilib ki, Mədəniyyət Mərkəzinin ötən müddət ərzində həyata keçirdiyi çoxsaylı mədəni layihələr, konfranslar, görüşlər, dostluq konsertləri və imzalanan memorandumlar iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar açıb.