Cahangir Həsənzadə: Rəqib təcrübəlidir, amma "Sabah" səfərdən ən azı heç-heçə ilə qayıda bilər
Bakı, 19 avqust, AZƏRTAC
Bugünkü oyunda bizi çox gərgin və taktiki mübarizə gözləyir. "Sabah" son vaxtlar yaxşı formadadır, xüsusən hücum xəttində effektli oynayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə “Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubuna qarşı keçirəcəyi ilk oyun haqqında danışarkən deyib.
O, komandaların şanslarının bərabər olduğunu bildirib: “Rəqib təcrübəlidir, amma "Sabah"ın səfərdən ən azı heç-heçə ilə dönmək imkanı çox yüksəkdir. Düşünürəm ki, meydanda tam bərabər mübarizə gedəcək”.
C.Həsənzadə statistikaya diqqət çəkərək əlavə edib: “Sabah” son 5 rəsmi oyunun 4-də qələbə qazanıb və hücumda çox məhsuldardır. "Hapoel" isə son 5 matçında 2 dəfə məğlubiyyətlə üzləşib. Əgər komandamız müdafiədə intizamlı olub sürətli əks-hücumlardan istifadə etsə, istədiyi nəticəni qazana bilər”.
Qeyd edək ki, bu gün Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda keçiriləcək “Hapoel” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.