CARİ İLİN 4 AYINDA AZƏRBAYCANIN NƏQLİYYAT SEKTORUNDA DAŞIMALARIN HƏCMİ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, 2008-ci ilin yanvar-aprelində nəqliyyat sektorunda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərləri vasitəsilə nəql edilmiş neftin və qazın həcmi də nəzərə alınmaqla yük daşınması 13,3 faiz, yük dövriyyəsi isə 31,6 faiz artmışdır.
Hesabat dövründə nəqliyyat vasitələri ilə 56,1 milyon ton yük daşınmış, onların 43,6 faizi avtomobil, 34 faizi boru kəməri (o cümlədən 20,8 faizi BTC neft, 1,7 faizi BTƏ qaz kəmərləri ilə), 15,9 faizi dəmir yolu, 6,5 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir.
Yük daşımalarında özəl bölmənin payı 19,4 faiz artaraq 67,9 faiz təşkil etmişdir.