CARİ İLİN DÖRD AYINDA SƏRNİŞİNLƏRİN ƏKSƏRİYYƏTİ AVTOMOBİL VƏ METRO NƏQLİYYATI İLƏ DAŞINMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin yanvar-aprelində nəqliyyat sektorunda sərnişin nəqliyyatı vasitələri ilə 383,6 milyon nəfər və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz çox sərnişin daşınmışdır. Bu sahədəki fəaliyyətin 81,8 faizi qeyri-dövlət bölməsinin payına düşmüşdür. Sərnişinlərin əksəriyyəti avtomobil (81,9 faiz) və metro nəqliyyatı (17,5 faiz) ilə daşınmışdır.
Hesabat dövründə avtomobil nəqliyyatı ilə fərdi sahibkarların fəaliyyəti də nəzərə alınmaqla 24,4 milyon ton yük, 314 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə daşımalar, müvafiq olaraq, 6,3 və 5,4 faiz artmışdır. Sərnişinlərin 96,7 faizi avtobus, 3,3 faizi isə taksilərin xidmətindən istifadə etmişlər. Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz, sərnişin dövriyyəsi isə 7,1 faiz artmışdır.
Ötən dövrdə metro nəqliyyatının xidmətlərindən istifadə edən əhalinin sayı artmışdır. Bu müddətdə metronun xidmətindən 67,3 milyon nəfər və ya əvvəlki ilin eyni dövrünə nisbətən 16,4 faiz çox sərnişin istifadə etmişdir.