İDMAN
Cari ilin “İdman ili” elan edilməsi Yevlaxda bu sahənin inkişafına daha böyük təkan verəcəkdir
Yevlax, 11 iyul (AZƏRTAC). Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2012-ci ilin “İdman ili” elan edilməsi Yevlax rayonunda bu sahənin inkişafı baxımından yaddaqalan olacaqdır.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildirmişlər ki, Yevlaxda idmanın futbol, voleybol, cüdo, ağır atletika, şahmat, taekvondo, çoxmübarizəli döyüş, kyokuşin, kaykan, kontakt karate, ciu-citsu, sambo, sərbəst və yunan-Roma güləşi növləri fəaliyyət göstərir. Rayonun uşaq, yeniyetmə və gəncləri 91 idman qurğusundan, o cümlədən 23 stadion, 2 kompleks idman qurğusu, 2 üzgüçülük hovuzu, 1 atıcılıq tiri, 1 şahmat məktəbi, 46 sadə idman qurğusundan istifadə edirlər. Rayon üzrə 6 min 995 nəfər idmanın müxtəlif növləri ilə məşğul olur.
Son illər idmana artan dövlət qayğısının nəticəsidir ki, rayonun idmançılarından 205 nəfəri birinci dərəcəli, 21-i idman ustalığına namizəd, 12-si idman ustası, 22-si isə beynəlxalq yarışların qalibidir. Cari ilin ötən dövründə rayon idmançıları beynəlxalq, respublika və zona yarışlarında 83 medal və diploma layiq görülmüşlər. İdmançılardan 25-i yarışlarda birinci, 22-si ikinci, 36-sı üçüncü yerləri tutmuşdur.
2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar rayonda mərasimlər, idman ictimaiyyəti ilə görüşlər, Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 20 illiyinə həsr olunmuş voleybol üzrə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə, 28 May-Respublika Gününə həsr olunmuş ciu-citsu üzrə, Azərbaycanda 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramı çərçivəsində şahmat üzrə rayon birincilikləri keçirilmişdir.
Tədbirlər planına əsasən, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının yaranmasının 20 illiyinə həsr olunmuş şahmat və dama üzrə, Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı çərçivəsində futbol üzrə rayon birinciliklərinin, “İdman ili”nin ən yaxşılarını müəyyən etmək məqsədilə müxtəlif nominasiyalar üzrə rayon müsabiqəsinin, “İdman ili”nin yekunlarına həsr olunmuş təntənəli mərasimin keçirilməsi nəzərdə tutulmuşdur.