CƏMİYYƏT
Cari tədris ilində Bakıda 5 minə yaxın sağlamlıq imkanı məhdud olan uşaq tədrisə cəlb olunub

Bakı, 27 sentyabr, AZƏRTAC
Sağlamlıq imkanları məhdud uşaqlar dedikdə həm fiziki, həm də əqli qüsurlu uşaqlar nəzərdə tutulur. Adətən, əqli cəhətdən geri qalan, sağlamlıq imkanları məhdud uşaqlara mütəxəssislər 3 yaşında diaqnoz qoyurlar. Valideynlər özləri də 3 yaşadək diqqətli olmalıdır. Çünki hər yaş dövrünün özünün müəyyən kriteriyaları var. Valideynlər bu əlamətləri izləməli, övladlarının inkişafında gecikmə varsa, mütəxəssislə və ya sahə həkimi ilə məsləhətləşməlidir.
AZƏRTAC sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunması ilə bağlı 11 saylı xüsusi təhsil məktəbindən reportaj hazırlayıb. Mövzu ilə bağlı açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Baş məsləhətçisi, 1 nömrəli Psixoloji-tibbi-pedaqoji komissiyanın sədri Elşad Səfixanov deyib: “Sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə və xüsusi yanaşmaya hər zaman ehtiyacı var. Bəzən valideynlərdə “uşağın yaşı artdıqca düzələr” anlayışı övladlarının sağlamlığında ciddi təhlükə yaradır. Xüsusilə, nitqində gecikmə olan uşaqlara göyərçin yumurtası və digər tərzdə xalq təbabəti üsulları tətbiq edilir. Bu isə uşağa diaqnoz qoyulması prosesini ləngidir, nəticədə isə onların nitqindəki qüsurların korreksiyası gecikir, çətinləşir.
Sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaq anlayışları bir-birindən fərqlənir. Xüsusi qayğıya ehtiyacı olan sağlam uşaqlar ailə-məişət zəminində problemləri olan, müəyyən zorakılıqlara məruz qalmış, natamam ailələrdə psixoloji narahatlıq yaşayan, sosial-maddi, mənəvi cəhətdən qayğıya ehtiyacları olanlardır. Lakin sağlamlıq imkanları məhdud uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlardan fiziki və ya əqli çatışmazlıqları ilə fərqlənir. Onların təhsili xüsusi proqramla həyata keçirilir. Fiziki və əqli qüsurlu uşaqlarda tibbi əks göstəricilər olmadıqda, həmin uşaqların anlama, dərketmə və zehni qabiliyyətləri normaya yaxındırsa, adi ümumtəhsil məktəblərdə təhsil ala bilərlər. Ancaq əqli geri və ləngiməsi olan uşaqların əksəriyyətində davranış, nitq pozuntusu, intellekt geriliyi müşahidə olunur. Əlbəttə, bütün uşaqlara bu xüsusiyyətləri şamil etmək düzgün deyil. Sözügedən simptomlar isə sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil müəssisəsində tipik uşaqlarla bir yerdə təhsil almasına mane olur. Ümumtəhsil məktəblərində uşaqlar təhsildən geri qalırlar. Bu səbəbdən həmin uşaqları xüsusi təhsilə cəlb etməklə onların müvəffəqiyyət qazanmaqlarına çalışırıq”.
Mütəxəssisin vaxtında edilən müdaxiləsi fiziki və əqli gerilik problemlərinin 50-60 faiz qarşısını alır
E.Səfixanovun sözlərinə görə, sağlamlıq imkanları məhdud olan uşaqların müəyyənləşdirilməsi üçün məktəblərlə yanaşı uşaq bağçalarında xüsusi qruplar fəaliyyət göstərir: “Həmin qruplar müvafiq çatışmazlığı olan uşaqları müəyyən edir. Ümumən uşaqda davamlı formada həmyaşıdları ilə ünsiyyət çətinlikləri, nitq geriliyi, qavrama və anlama kimi problemlər müşahidə olunursa, uşağın xüsusi məktəbdə təhsil alması onun öz sağlamlığı və sosiallaşması üçün daha məsləhətlidir. Bəzən uşaq bir gün aqresivlik nümayiş etdirə bilər. Bu səbəbdən müəyyənləşdirmə zamanı qeyd edilən halların davamlı xarakter daşıdığı nəzərə alınır. Sözügedən fərqlilik bir müddət sonra daha da açıq görünür. Belə anlarda vaxtında uşağın müəllimi və ya məktəb psixoloqu uşağa qarşı həssas yanaşmalı, valideyn isə məsuliyyəti öz üzərinə götürərək övladına dəstək olmalıdır. Valideynlər uşaqlarını psixoloqa, nevropatoloqa aparmaqdan çəkinməməlidirlər. Vaxtında qoyulan diaqnoz nəticəsində müsbət nəticə əldə etmək olur. Bilmək lazımdır ki, erkən müdaxilə edilmədiyi təqdirdə uşaqlarda olan cüzi davranış pozuntuları zamanla daha da kəskinləşir. Çünki bu problemlər beyinlə əlaqəlidir. Ailədaxili olan proseslər də uşağın psixologiyasına təsir edə bilir. Bu səbəbdən valideynlər məktəblərdə fəaliyyət göstərən psixoloqlar ilə əməkdaşlıq etməyi bacarmalıdır”, - deyə E.Səfixanov bildirib.
Komissiya sədri erkən müdaxilənin faydalarından danışıb: “Mütəxəssisin vaxtında edilən müdaxiləsi fiziki və əqli gerilik problemlərinin 50-60 faizə qədər qarşısını alır. Sağlamlıq imkanları məhdud uşaqlar ümumtəhsil və xüsusi təhsil müəssisələrinin hər ikisində 6 yaşdan etibarən təhsilə cəlb olunur. Müşahidələr göstərir ki, sağlamlıq imkanları məhdud uşaqların əksəriyyəti səhhətlərində olan narahatçılıqlara görə adətən 8-9 yaşlarında təhsilə cəlb olunur. Bu gecikmələrin əksəriyyətinin səbəbi valideynlərin təhsillə bağlı məlumatlarının olmamasıdır. Onlar həmin uşaqların sağlamlığına daha çox diqqət ayırır və təhsili ikinci, hətta üçüncü plana salırlar. Uşaq 8-9 yaşlarına çatdıqda isə onun sosiallaşmağa hədsiz ehtiyacı olduğu müşahidə edilir.
Bakı şəhəri üzrə əqli və fiziki qüsurlu uşaqlar üçün 3, 11, 268 nömrəli xüsusi təhsil məktəbləri fəaliyyət göstərir. Məktəblərdə sağlamlıq imkanları məhdud uşaqlarla işləməyi bacaran müəllimlər var. Xüsusi məktəblərdə saat 13:00-da dərs müddəti bitsə də, 13:00-dan sonra əlavə hazırlıq qrupları fəaliyyət göstərir. Bəzən bu qrupların dərsləri 17:00-qədər davam edir. Valideynlər çox rahat şəkildə uşaqlarını 13:00 və ya 17:00-da götürə bilər.
Sağlamlıq imkanları məhdud olan uşaqların təhsilində əsas məqsəd onların sosiallaşması üçün zəmin yaratmaq, müəyyən bacarıqları ehtiva etməkdir. Həmin uşaqların təhsilə cəlb olunması prosesi Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsaslanır. Komissiya bu uşaqları müayinə edir, tibbi sənədə və uşaqların faktiki vəziyyəti nəzərə alınaraq xüsusi təhsilə cəlb olunur. Qanunvericiliyə uyğun olaraq aqressiya, zərərvermə kimi davranışları olan uşaqlar müəyyən müddət ərzində ev təhsilinə cəlb olunurlar. Ancaq bəzi istisnalar var. Məsələn, valideyn uşağının müəllimlərin yanında daha sakit davranış nümayiş etdirdiyini bildirərsə, komissiya həmin uşaq üçün 6 ay və ya 1 il müddətində şans yaradır. Burada əsas məqsəd təhsilin əlçatanlığının təmin olunmasıdır. Bir il ərzində uşaqda müsbət irəliləyiş müşahidə olunarsa, o öz təhsilini sinifdə davam etdirə bilir”.
Hazırda 18 ümumtəhsil məktəbində sağlamlıq imkanları məhdud uşaqlar təhsilə cəlb olunub
E.Səfixanov xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması istiqamətində həyata keçirilən layihələrlə bağlı məlumat verib: “İstər sağlam, istərsə də sağlamlıq imkanları məhdud uşaqların bərabər təhsil alması, cəmiyyətdə sosial bərabərliyin qorunması istiqamətində Azərbaycanda "İnklüziv təhsil layihəsi" icra edilir. Öncələr pilot layihəsi kimi sadəcə 2 məktəbdə tətbiq olunmaqla başlasa da, layihəyə hər il yeni tədris müəssisələri əlavə edilir. Hazırda 18 ümumtəhsil məktəbində sağlamlıq imkanları məhdud uşaqlar komissiyanın qərarı ilə təhsilə cəlb olunub. Müəyyən mərhələlərlə bu məktəblərin sayının artırılması düşünülür.
Xüsusi məktəblərdə tədris planına uyğun olaraq dərslər keçirilir. İbtidai sinifdə keçirilən fənlər xüsusi məktəblərdə də tədris olunur. Yuxarı siniflərdə isə nisbətən çətin fənlərin sayı azalır. Əlavə olaraq onların sosial mühitə adaptasiya olması sosial məişətyönümlü yanaşmalarla paralel loqopedik məşğələlər də keçirilir. Burada əsas məqsəd uşağın bilik və bacarıq vərdişlərini formalaşdırmaq, onları cəmiyyətə hazır etmək, daha sonra isə hazır formada peşə məktəblərinə yönləndirə bilməkdir.
Ümumiyyətlə, psixoloji-tibbi-pedaqoji komissiyanın əsas işi bacardığı qədər bütün uşaqları sinifdə təhsilə cəlb etməkdir. Lakin, bəzi hallarda intellekt geriliyi və aqresiv göstəriciləri normadan çox olan uşaqların təhsilinin yarımçıq qalmaması üçün tədris ev şəraitindi tətbiq edilir. Evdə təhsil tədrisin fasiləsizliyini təmin etmək üçündür. Həmin uşaqların davranışlarında fərdi məşğuliyyət zamanı müəyyən korreksiyalar ola bilir. Uşaqla məşğul olan müəllimin rəyinə və tibbi sənədə əsasən şagird təkrar müayinə olunaraq bir müddət sonra məktəbdə təhsilə cəlb edilir. Komissiya bu qərarı aldığı zaman həm uşağın özü, həm də digər uşaqların təhlükəsizliyini nəzərə alır. Cari tədris ilinin əvvəli Bakıda 5 minə yaxın sağlamlıq imkanı məhdud olan uşaq tədrisə cəlb olunub. Hər il bu rəqəmlərdə artım müşahidə edilir. Lakin aparılan maarifləndirmə işlərinə baxmayaraq valideynlərin əksəriyyəti öz övladlarını xüsusi məktəblərə göndərmək istəmir, uşaqlarının faktiki vəziyyətini qəbul edə bilmirlər. Bu problemin uşağın davranışlarına təsiri 3-5 il sonra daha açıq şəkildə hiss olunur. Təəssüf ki, bəzən mental dəyərlərə görə, valideynlər sağlamlıq imkanları məhdud olan uşaqlarını cəmiyyət içərisinə çıxartmaqdan yayınırlar. Onlar bununla bağlı bir növ utanc hissi keçirirlər. Bu sahədə təkcə təhsil istiqamətində yox, bütün sahələrdə cəmiyyət olaraq maariflənmək lazımdır”.