“Caspian Policy Center”: Azərbaycan Avropaya etibarlı və sabit təbii qazın əsas tədarükçülərindən biridir – MÜSAHİBƏ

Bakı, 15 fevral, Tamilla Məmmədova, AZƏRTAC
“Caspian Policy Center” (CPC) - Xəzər Siyasət Mərkəzi müstəqil, qeyri-kommersiya tədqiqat və analitik mərkəzidir. Mərkəzin tədqiqatlarının əsas istiqamətləri Xəzər regionunun iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələlərini əhatə edir.
Vaşinqtonda yerləşən Xəzər Siyasət Mərkəzinin (“Caspian Policy Center” — CPC) baş icraçı direktoru və idarə heyətinin üzvü Əfqan Niftinin AZƏRTAC-a eksklüziv müsahibəsini təqdim edirik.
- Regional enerji mərkəzi kimi Azərbaycanın hazırkı rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan enerji istehsalçısı kimi enerji ehtiyatları ilə zəngin ölkələr və Avropa İttifaqı, eləcə də Türkiyə kimi böyük istehlakçılar arasında strateji mövqeyə malikdir. Bu, ölkəyə həm enerji tədarükçüsü, həm də tranzit ölkə kimi unikal imkan yaradır. Onun rolu yalnız karbohidrogenlərlə məhdudlaşmır, həm də təhlükəsiz və dayanıqlı enerji keçidi üçün vacib olan bərpaolunan enerji mənbələri və kritik mineralları da əhatə edir.
- Azərbaycan uzun müddətdir ki, neft-qaz sənayesində əsas oyunçulardan biridir. Ölkənin enerji sektorunun növbəti onillikdə, xüsusilə bərpaolunan enerji mənbələrinə artan tələbat fonunda necə inkişaf edəcəyini düşünürsünüz?
- Azərbaycan iqlimi və coğrafi mövqeyi sayəsində külək və Günəş enerjisi sahəsində böyük potensiala malikdir. Bu resursdan səmərəli istifadə edilməsi, beynəlxalq və yerli sərmayələrin dəstəyi ilə bərpaolunan enerji mənbələrinə artan tələbatın ödənilməsində əsas rol oynayır. Xüsusilə bp də daxil olmaqla, Körfəz ölkələri və aparıcı enerji şirkətləri ilə imzalanmış son sazişlər bərpaolunan enerji sahəsində yeni layihələrin həyata keçirilməsinə yönəlib.
Bundan əlavə, Azərbaycanın azad edilmiş əraziləri yaşıl enerji zonaları elan etməsi mühüm addım kimi qiymətləndirilir.
- Sizcə, Azərbaycan daha geniş regional enerji landşaftında, xüsusilə Cənubi Qafqaz və Avropanın enerji gələcəyi kontekstində hansı rolu oynayır?
- Enerji tədarükünün şaxələndirilməsi Avropanın enerji təminatının gələcəyi üçün əsas rol oynayır. Azərbaycan öz tərəfdaşları ilə birlikdə artıq təxminən 10 Avropa İttifaqı ölkəsinə təbii qaz tədarük edir və Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsini planlaşdırır ki, bu da Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.
Bundan əlavə, son dövrlərdə Qara dəniz vasitəsilə Avropaya elektrik enerjisi tədarükünə dair sazişlər, eləcə də COP29 çərçivəsində Bakıda imzalanmış Qazaxıstan və Özbəkistan ilə strateji tərəfdaşlıq mühüm addımlar hesab olunur.
- Azərbaycan Cənubi Qafqazda yaşıl enerjiyə keçidə necə rəhbərlik edə bilər?
- Təhlükəsiz, dayanıqlı və əlçatan enerji keçidi bir çox ölkə üçün vacib bir məqsəd olsa da, bunun reallaşması mühüm səylər tələb edir. İnvestisiya mühitinin yaxşılaşdırılması və yaşıl enerjinin fəal təşviqi Cənubi Qafqaz regionunu investorlar üçün daha cəlbedici edəcək. Son dövrlərdəki böyük investisiya sazişləri Azərbaycanın bu sahədəki uğurlarını təsdiqləyir, lakin onun potensialı əhəmiyyətli dərəcədə daha yüksəkdir.
- Azərbaycanın coğrafi mövqeyi ona bərpaolunan enerji potensialı baxımından əhəmiyyətli üstünlüklər təmin edir. Ölkə külək, Günəş və su enerjisi resurslarını daha ekoloji təmiz enerji gələcəyinə keçmək üçün necə istifadə edə bilər?
- Bəli, araşdırmalar təsdiqləyir ki, Azərbaycan bərpaolunan enerji sahəsində əhəmiyyətli potensiala malikdir və bu, enerji keçidinin məqsədlərinə çatmaqda əsas rol oynayır. Daha ekoloji təmiz enerji gələcəyinə keçid üçün ölkə bir neçə strateji istiqamətdə diqqətini cəmləməlidir:
- Beynəlxalq və yerli investorların dəstəyi ilə, xüsusilə Xəzər dənizində və yüksək günəş aktivliyi olan bölgələrdə külək və Günəş elektrik stansiyalarının inkişafı;
- Bərpaolunan enerji mənbələrinin effektiv inteqrasiyası və dayanıqlı enerji təminatının təmin edilməsi üçün enerji sisteminin müasirləşdirilməsi;
- Su resurslarının optimallaşdırılması, dəyişkən enerji mənbələrinin balanslaşdırılması üçün kiçik hidroelektrik stansiyaların inkişafı;
- Yaşıl enerjinin sürətli inkişafını təşviq edən stimullar və islahatlar vasitəsilə qlobal enerji şirkətlərinin cəlb edilməsi;
- Azərbaycanı regional bərpaolunan enerji mərkəzinə çevirmək üçün qonşu ölkələrlə və Aİ ilə enerji əməkdaşlığının gücləndirilməsi.
Bu addımların həyata keçirilməsi ilə ölkə öz təbii resurslarından maksimum istifadə edəcək və dayanıqlı enerji keçidinə mühüm töhfə verəcək.
- Cənub Qaz Dəhlizi Avropanın enerji mənbələrinin şaxələndirilməsində hansı rolu oynayır? Azərbaycanın Cənub Qaz Dəhlizi təşəbbüsü çərçivəsindəki rolu və onun Avropa və Asiyanın enerji xəritəsinə təsirini necə qiymətləndirirsiniz?
- Azərbaycan, ABŞ-ın mayeləşdirilmiş təbii qazı ilə yanaşı, Avropaya etibarlı və sabit təbii qazın əsas tədarükçüsüdür. Bu iki faktor, enerji tədarüklərinin şaxələndirilməsi və Avropanın tək bir mənbədən asılılığının azaldılmasında əhəmiyyətli rol oynayıb. Cənub Qaz Dəhlizi bu prosesdə hələ də çox mühüm rol oynamaqda davam edir və onun daha da genişləndirilməsi zəruri görünür. ABŞ-ın yeni administrasiyası dövründə bu istiqamətdə dəstəyin davamını səbirsizliklə gözləyirəm.