REGİONLAR
Cəbrayıl dayı Heydər Əliyevin ona 51 il öncə verdiyi “Volqa”nı bu gün də qoruyub saxlayır FOTO VİDEO

İmişli, 6 mart, Aydın Yavərzadə, AZƏRTAC
Əslən Qərbi Azərbaycandan olan İmişli sakini İsmayılov Cəbrayıl Cabbar oğlu Heydər Əliyevin ona hədiyyə etdiyi “QAZ 24” markalı maşını 51 ildir qoruyub saxlayır. Cəbrayıl dayı avtomobili Bakıda Heydər Əliyev Mərkəzində muzeyə təqdim etməyi düşünür.
AZƏRTAC-ın bölgə müxbiri Cəbrayıl dayı ilə görüşüb, onunla həmsöhbət olub.
İsmayılov Cəbrayıl Cabbar oğlu 1941-ci ildə Vedi rayonunun Gilanlar kəndində dünyaya gəlib. Keşməkeşli həyat yolu olan Cəbrayıl dayı 1961-ci ildə ailəsi ilə birlikdə doğma yurdundan deportasiya edilib. Cəbrayıl İsmayılov və yaxınları doğma torpaqlarından qovulduqdan sonra minbir əziyyətlə İmişlinin Şahverdili kəndinə gələrək burada məskunlaşıblar. Zəhmətkeşliyi ilə seçilən Cəbrayıl dayı əkin-biçinlə məşğul olub, əsasən də pambıqçılıqda uğurlu nəticələr əldə edib.
O, həm də yaxşı mexanizator olub, həmin dövrdə əvvəlcə Mirbəşir Qasımov adına kolxozda, sonra “Qələbə” kolxozunda çalışıb. Birinci dərəcəli mexanizator olub.
İmişlidə ilk dəfə çarpaz becərmə onun sahəsində aparılıb. Əmək fəaliyyətinə görə müxtəlif medallarla təltif olunub. Cabbar dayı deyir ki, 1972-ci ildə Ulu Öndər Heydər Əliyev İmişliyə səfər etmişdi: “Həmin vaxt maksimum məhsuldarlıq göstəricisi də Cabbar dayıya məxsus idi, o, 350 ton pambıq təhvil vermişdi. Heydər Əliyev rayona səfəri zamanı belə məhsuldarlıq əldə etməyimi yüksək qiymətləndirdi. Təsadüfən həmin il özüm üçün ev tikməyə başlamışdım. Ulu Öndərimizin göstərişi ilə evin tikintisinə kömək göstərildi və qısa müddətdə tikib başa çatdırdım”.
Heydər Əliyevin Cəbrayıl dayıya ən böyük hədiyyəsi isə “Volqa” (QAZ 24) markalı minik avtomobili olub. Avtomobil 51 ildir ki, Cəbrayıl dayı tərəfindən qorunub saxlanılır və bu ötən illərdə maşın cəmi 83 min kilometr yol qət edib. Hətta avtomobilin heç bir detalı dəyişməyib.
Həmsöhbətimiz bildirir ki, Heydər Əliyev hər zaman zəhmət adamlarının yanında olub, onlara dəyər verib: “Pambıq sahələrinə baş çəkəndə, zəhmət adamları ilə görüşəndə onların qayğıları ilə maraqlanıb və həmin şəxslər sırasında mən də yer aldığım üçün çox xoşbəxtəm. Ona görə də bu maşını əmanət kimi qorumağı özümə mənəvi borc bilmişəm. Bu maşın 51 illik etibarlı yoldaş olub mənə, xeyrə-şərə, hər işimə bu maşınla getmişəm. İndi isə istəyirəm onu Heydər Əliyev muzeyinə təhvil verim. İndiyədək necə saxlamışamsa, bundan sonra da elə qorunub saxlanılsın”.