Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera və peşə imkanları günü” adlı tədbir keçirilib VİDEO








Cəlilabad, 20 iyun, İlkin Adıyev, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Green Tech” MMC arasında dövlət–özəl tərəfdaşlığı çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera və peşə imkanları günü” adlı tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi region gənclərinin dəyişən əmək bazarına uyğun peşə təhsili imkanları, karyera perspektivləri və məşğulluq potensialı barədə məlumatlılığını artırmaq, işəgötürənlərlə tələbələr arasında birbaşa əlaqə qurmaq və əmək bazarının real tələblərini təqdim etmək olub.
Tədbirin açılışında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Cəlilabad rayon icra başçısının müavini Qalib Xudaverdiyev, “Green Tech” MMC-nin rəhbəri Nizami Heybətov çıxış edərək, peşə təhsilində dövlət–özəl əməkdaşlığının əhəmiyyəti, regionlarda ixtisaslı kadr potensialının formalaşdırılmasında və məşğulluğun artırılmasında bu kimi təşəbbüslərin mühüm rolundan bəhs ediblər.
Karyera yarmarkasında müxtəlif şirkətlər vakansiyalar, təcrübə proqramları və əmək bazarına dair tanıtım materialları ilə çıxış edərək, iştirakçılara iş imkanları barədə ətraflı məlumat veriblər.
Tədbir çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Green Tech” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində mühəndis-pedaqoji heyətin bacarıqlarının artırılması, təhsilalanların istehsalat təcrübəsinə cəlb olunması, məzunların aqrar sahədə məşğulluğunun dəstəklənməsi və əmək bazarına uyğun yeni ixtisasların yaradılması istiqamətində birgə fəaliyyətlər nəzərdə tutulur.
Sonda iştirakçılar üçün Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası ilə tanışlıq üçün infotur təşkil olunub.