SİYASƏT
Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir
Cəlilabad, 30 dekabr (AZƏRTAC). Dekabrın 30-da Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bayram mərasimində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında keçirilmiş Dünya Azərbaycanlılarının birinci qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımız və həmvətənlərimiz öz milli dövləti ətrafında sıx birləşmişlər.
Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyev milli siyasət xəttinin əsas istiqamətlərindən olan azərbaycançılıq və vətənpərvərlik prinsipləri bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.
Bayram süfrəsi ətrafında davam edən mərasimdə 2013-cü ilin yekunlarına görə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənənlərin bir qrupuna fəxri fərmanlar təqdim edilmişdir.
Rayonun musiqi kollektivləri, Şaxta baba və Qar qız tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.