CƏLİLABADDA HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Cəlilabadda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi tədbirin iştirakçıları - YAP Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının təmsilçiləri əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüş, Heydər Əliyev muzeyində ulu öndərin ömür yolunu əks etdirən eksponatlarla tanış olmuşlar.
Müşavirə Heydər Əliyevin Cəlilabad rayonuna səfərindən bəhs edən sənədli filmin nümayişi ilə başlanmışdır.
YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin üzvləri Eldar İbrahimov, Aydın Həsənov, Hüseynbala Mirələmov, partiyanın adı çəkilən rayonlardakı təşkilatlarının sədrləri dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin nəsillərə nümunə olan mənalı və şərəfli ömür yolundan danışmış, onun Vətən və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirmiş, siyasi kursunun Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Tədbirin sonunda YAP sıralarına qəbul olunmuş 125 gəncə üzvlük vəsiqələri təqdim edilmişdir.
Müşavirədə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov iştirak etmişdir.