İQTİSADİYYAT
Cəlilabadın mərkəzində SİP kabellərin çəkilməsi ilə bağlı işlər yekunlaşmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Cəlilabadın mərkəzində SİP kabellərin çəkilməsi ilə bağlı işlər yekunlaşmışdır. “Smart-kart” tipli sayğacların quraşdırılması daimi əhali istehlakçı qrupu üzrə təxminən 95 faizi, qeyri-əhali istehlakçı qrupunda isə 60 faizi keçmişdir. Bu, sərf olunan elektrik enerjisi həcminin azalmasına və ödəniş faizlərinin yüksəlməsinə təsirini göstərmişdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a verilən məlumata görə, yeni texnologiyaların tətbiqi genişləndikcə sərfiyyat aşağı düşür. Artıq yüklənmə səbəbindən avadanlığın sıradan çıxması halları minimuma enmiş, dayanıqlıq artmışdır.
Rayonda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına rast gəlinir. Xətlərə müdaxilə edən abonentləri aşkarlamaq məqsədi ilə mütəmadi keçirilən reydlər səmərə verir. Energetiklər bu tədbirləri davam etdirir və istehlakçılar arasında enerjidən səmərəli istifadə olunması ilə bağlı təbliğat işi aparırlar.