Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

CƏMŞİD NAXÇIVANSKİ ADINA HƏRBİ LİTSEYİN AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ QULLUQ EDƏN MƏZUNLARININ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ MÜRACİƏTİ

Möhtərəm Prezident! 

Cənab Ali Baş Komandan!

Biz, Cəmşid Naxçıvanski adına Hərbi Litseyin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində qulluq edən məzunları Sizi, dünya şöhrətli rəhbərimizi, ümummilli liderimizi, yenilməz sərkərdəmizi ürəkdən salamlayaraq, Sizə hörmət və ehtiramımızı bildirir, möhkəm cansağlığı, uzun ömür və müstəqil dövlətimizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Cəmşid Naxçıvanski adına Hərbi Litseyin 30 illik yubileyinin ölkəmizdə təntənəli şəkildə keçirilməsi haqqında 2002-ci il 19 noyabr tarixli Sərəncamınızı bütün xalqımız kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də böyük fərəh hissi ilə qarşıladı. Keçən əsrin 70-ci illərində analoqu olmayan belə bir ixtisaslaşdırılmış orta məktəbin yaradılması Azərbaycan xalqının tarixində çox mühüm bir səhifədir. Cənab Prezident, bu möhtəşəm abidənin ideya müəllifi və baş memarı Sizsiniz!

Siz, Sovetlər İttifaqının mövcud olduğu bir dövrdə Azərbaycanın gələcəyini düşünərək, uzaqgörənliklə bu təhsil ocağını yaratmısınız. Siz bu işi başlayanda o, nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi, Azərbaycanın müstəqilliyinə ümid idi, Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk addım idi.

Cənab Ali Baş Komandan!

30 il bundan öncə düşündüyünüz zaman gəlib, Azərbaycan xalqı öz milli azadlığına qovuşub, müstəqil Azərbaycan dövləti yaranmışdır. Hər bir Azərbaycan vətəndaşı iftixar hissi keçirir ki, onun müstəqil dövləti, Heydər Əliyev kimi qətiyyətli, müdrik, dahi bir rəhbəri, Ali Baş Komandanı vardır. Azərbaycan xalqı sınaqlara çəkiləndə, milli ordu quruculuğuna başlananda Sizin yaratdığınız Cəmşid Naxçıvanski adına Hərbi Litsey öz tarixi missiyasını şərəflə yerinə yetirdi.

Cəmşid Naxçıvanski adına Hərbi Litsey olmasaydı, müstəqilliyimizin təminatçısı olan bugünkü qüdrətli Silahlı Qüvvələrimiz də olmayacaqdı. Xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı bu təhsil ocağından hərbi həyata vəsiqə alanlar Silahlı Qüvvələrimizin əsas zabit korpusunu təşkil edir. Digər qoşun növlərində olduğu kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında da hərbi litseyin məzunları yetərincədir. İlk sərhədçi Milli Qəhrəmanımız baş leytenant Eldar Məmmədov da Sizin yaratdığınız məktəbin məzunudur. Hər bir sərhədçimiz üçün fəxrdir ki, Eldar Məmmədov Sizin imzaladığınız Prezident Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Biz, Cəmşid Naxçıvanski adına Hərbi Litseyi bitirmiş sərhədçi zabitlər, Ali Baş Komandana, Vətənə, xalqa, dövlətə və müqəddəs bayrağımıza daim sadiqik, Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, əmr, göstəriş, tələb və tövsiyələrinizi layiqincə yerinə yetirməyə çalışırıq. Bizə göstərdiyiniz diqqət və qayğıya, böyük etimada cavab olaraq, bundan sonra da müqəddəs sərhədlərimizin keşiyində ayıq-sayıq dayanacaq, əsgəri borcumuzu şərəf və vicdanla yerinə yetirəcək, məzunu olduğumuz Cəmşid Naxçıvanski adına Hərbi Litseyin - “Heydər Əliyev məktəbi”nin şan-şöhrətini daha da yüksəldəcəyik.

Möhtərəm Prezident!

Cənab Ali Baş Komandan, əmin ola bilərsiniz ki, Dövlət Sərhəd Xidməti - Sərhəd Qoşunlarının bütün şəxsi heyəti hər an Sizin əmrlərinizi yerinə yetirməyə hazırdır.

Hörmətlə,

Cəmşid Naxçıvanski adına Hərbi Litseyin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində qulluq edən məzunları adından,

Elçin Quliyev

Dövlət Sərhəd Xidmətinin rəisi,

general-mayor

30 noyabr, 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin