Cenevrədə Azərbaycan dili məktəbi ilə birlikdə Novruz bayramı
Cenevrə, 19 mart, AZƏRTAC
Novruz bayramı münasibətilə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyində bu şəhərdə fəaliyyət göstərən Akademik Mərkəzin “Oiseau Bleu“ (Göy quş) adlı məktəbi ilə birgə bayram tədbiri keçirilib.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndə Vaqif Sadıqov və “Göy quş” məktəbinin direktoru Yelena Həsənova bayram təbriki ilə çıxış ediblər.
Tədbirin bədii hissəsində məktəbdə təhsil alan şagirdlər şeir və mahnılar oxuyub, milli rəqslər ifa edib və səhnəciklər nümayiş etdiriblər. Bayramda qonaqlara Azərbaycan milli şirniyyat və təamları təqdim olunub.
Sonda Azərbaycan dili məktəbinin fəaliyyətini dəstəkləmək məqsədilə daimi nümayəndəlik adından dərslik və kitablar Akademik Mərkəzə hədiyyə olunub.
Xatırladaq ki, Cenevrə şəhərində yerləşən Akademik Mərkəzin “Göy quş” adlı ibtidai məktəbin nəzdində Azərbaycan dili kursları ilə yanaşı, uşaqlara milli rəqslərimiz də öyrədilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə