“CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR”
Məhəmməd Peyğəmbərin bu kəlamı Belarusun “ENVİLA” qadın institutunun rektoru Larisa Çerepanovanın “Alesya” jurnalında dərc edilmiş “Tərəqqi qadınlara qarşı ayrı-seçkilik olmayan yerdədir” adlı məqaləsinin ana xəttini təşkil edir. Müəllif məqaləsində Bakıda keçirilən “Qadın və dövlət quruculuğu” beynəlxalq konfransından təəssüratları ilə bölüşür. Misir, İordaniya, Rusiya, Küveyt, Qırğızıstan, Macarıstan, Gürcüstan, Özbəkistandan nümayəndələrin iştirak etdiyi konfransda təkcə Qərb ölkələrində deyil, həm də dünyada ictimai həyatın bütün sahələrində qadınların artan rolundan danışılmışdır.
Larisa Çerepanova yazır: “İndiyədək mən hesab edirdim ki, “ENVİLA” keçmiş sovet məkanında bu tipli yeganə ali məktəbdir. Belarusun Azərbaycandakı səfirliyinin əməkdaşları məni “ENVİLA”dan iki il əvvəl pedaqoji elmlər doktoru, professor Ağarəhim Rəhimov tərəfindən yaradılmış Bakı Qızlar Universitetinə gətirəndə çox təəccübləndim.
Bu təhsil müəssisəsinin məqsədi pedaqoji kadrlar, habelə qızları ailə həyatına, ictimai fəaliyyətə hazırlamaqdır”.
Müəllif vurğulayır ki, Misirdə qanunverici və icraedici orqanlarda fəaliyyət göstərənlərin 30 faizinin qadınlar olması onu heyrətləndirmişdir.
L.Çerepanova qonaqpərvər Azərbaycan torpağında keçirdiyi görüşlərdən, ona konfransda çıxış etmək, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qızıl medalla bitirdiyi rusdilli məktəbdə olmaq, məktəbin rəhbərliyi və şagirdləri ilə görüşmək, onlara “ENVİLA” qadın institutu və Belarusun digər ali məktəbləri barədə danışmaq imkanı yaradıldığından söhbət açır.
L.Çerepanova yazır ki, konfransda çıxış edənlərin az qala hamısının qənaətinə görə insan üçün sərf olunan vəsait cinsindən asılı olmayaraq sosial cəhətdən fəal, savadlı mütəxəssis kimi cəmiyyətə qayıtmalıdır. Tərəqqi isə yalnız qadınlara qarşı ayrı-seçkilik olmayan yerdə mümkündür.
