Cənub bölgəsində intensiv yağıntılar meyvəçiliyə təsir edib VİDEO
Lənkəran, 5 aprel, İsmayıl Cəfərli, AZƏRTAC
Bitkiçilik sahəsində istehsalı və keyfiyyəti şərtləndirən əsas amillərdən biri də hava şəraitidir. Yağıntının normadan az və ya çox düşməsi, havanın mülayim və ya şaxtalı keçməsi kənd təsərrüfatı bitkilərinə bu və ya digər dərəcədə birbaşa təsir göstərir.
AZƏRTAC xəbər verir ki, cənub bölgəsində uzun müddətdir davam edən qeyri-sabit hava meyvə bağlarında tez çiçəkləyən ağacların tozlanmasını zəiflədib. Təsərrüfatçı Elmar Babayev deyir ki, yağıntıların normadan artıq olması bu il bağlarda məhsuldarlığa təsir edib: “Bu il yağışlar gözlədiyimizdən də artıq yağdı. Aramsız yağan yağışlarda gavalı, şaftalı və nektarin ağaclarının gülü töküldü. Bəzi çürümələr baş verir. Bu da məhsuldarlığa təsir göstərə bilər”.
Bölgənin iqlimini nəzərə alan təcrübəli təsərrüfat sahibləri isə daha ehtiyatlı davranıblar. Fermer Asif Harunov intensiz yağan yağışlarda lazımi tədbirlər gördüyünü bildirir: “Qabaqlayıcı tədbirlər görmüşük, dərman preparatlarından vaxtında istifadə etmişik. Həm onların tozlanması üçün, həm meyvənin normal səviyyə alması üçün, həm də normal inkişaf getsin deyə. Əgər qabaqlayıcı tədbirlər vaxtında görülməsə, məhsuldarlıq 25-30 faizə çatar”.
Eyni zamanda, vegetasiyanın başladığı dövrdə yağıntılı günlərin uzun müddət davam etməsi bitkilərdə fotosintez prosesinin pozulmasına gətirib çıxarır. Bundan başqa, ağac və bitkilərdə bir çox xəstəliklərin baş qaldırma ehtimalı yaranır ki, fermerlər bununla bağlı lazımi tədbirlər görməlidirlər. Kənd təsərrüfatı mütəxəssisi Məmmədhüseyn Hüseynov yağan yağışların bir çox xəstəliklərin artmasına da səbəb olduğunu deyir: “Yağıntılardan sonra göbələk xəstəliklərinə qarşı mübarizə aparılması vacibdir. İndi çiçəkləyən ağaclarda tozlanma, mayalanma prosesi getməlidir. Yağan yağıntılar çiçəklənmə, tozlanmaya mənfi təsir göstərir, belə ki, indi bölgədə armud, şaftalı, alça ağacları çiçək açıb. Yağışlar bu ağaclarda tozlanma prosesinə mənfi təsir göstərir”.
Mütəxəssislər hesab edirlər ki, ağaclara düzgün aqrotexniki qulluq edərək kompleks gübrələr verilməklə, yüksək məhsuldarlığı əldə etmək olar. İntensiv yağıntılar əsasən dəmyə şəraitində becərilən taxılçılığa müsbət təsir göstərib. Hidrometeoroloqlar isə bildirir ki, cənub rayonlarında intensiv yağışlar aprelin ortalarınadək davam edəcək.