CƏMİYYƏT
Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir
Bakı, 1 may (AZƏRTAC). Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə tədbirlər davam etdirilir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlərdə müxtəlif dövlət təşkilatları və ictimai qurumların nümayəndələri iştirak etmişlər.
6 saylı cəzaçəkmə müəssisəsində Penitensiar Xidmətlə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına əsasən, “İslamda günahlar və tövbə” mövzusunda seminar-treninq keçirilmişdir.
14 saylı cəzaçəkmə müəssisəsində isə Penitensiar Xidmətlə Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının birgə tədbirlər planına əsasən, “SSRİ-nin süqutu və müstəqil Azərbaycanın yaranması” mövzusunda cəza çəkənlər üçün seminar keçirilmişdir.
Tədbirdə universitetin professoru Nuru Məmmədovun mühazirəsi dinlənilmiş, mövzu ətrafında suallar cavablandırılmışdır.