İDMAN
Çempionlar Liqasında ikinci turun qarşılaşmalarına start veriləcəkdir
Bakı, 1 oktyabr (AZƏRTAC). Oktyabrın 1-də Çempionlar Liqasında ikinci turun qarşılaşmalarına start veriləcəkdir.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə “E”, “F”, “G” və “H” qruplarının komandaları meydana çıxacaqlar.
Bu qrupların üçündə ilk turu qələbə ilə başa vuran klublar üz-üzə gələcəkdir. Turun “E” qrupunda “Bazel” və “Şalke”, “F” qrupunda “Arsenal”la “Napoli”, “G” qrupunda “Atletiko” ilə “Porto” arasında Pireney derbisi liderlərinin dueli kimi maraq doğurur. “H” qrupunda isə “Barselona”nı Şotlandiya səfəri gözləyir.
Azərbaycanda kifayət qədər azarkeşi olan “Qalatasaray” meydana sabah oktyabrın 2-də çıxacaqdır. İlk matçında doğma meydanda darmadağın olan istanbullular “Real” məğlubiyyətini İtaliyada unutdurmağa çalışacaqlar. “Yuventus”la görüşdə də xalsız qalacağı halda, “Cim-Bom” 1/8 final arzularına böyük zərbə vuracaqdır.
İlk oyun günündə olduğu kimi, “A”, “B”, “C” və “D” qruplarında qarşılaşmaların baş tutacağı oktyabrın 2-də də liderlərin iştirakı ilə 3 duel olacaqdır. “Şaxtyor” - “Mançester Yunayted”, “Mançester Siti” - “Bavariya” və PSJ - “Benfika” görüşlərində tərəflərdən biri ikinci qələbəsini qazanmaqla, vahid lider olmaq imkanına malikdir.