ÇEXİYA AZƏRBAYCANLA GƏNCLƏR VƏ İDMAN SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, mayın 27-də Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü Peter Plevanın başçılıq etdiyi nümayəndə heyəti Gənclər və İdman Nazirliyində olmuşdur. Qonağı səmimi salamlayan gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizin gənclər və idman siyasəti haqqında ətraflı məlumat vermişdir. İ.Babayev bu sahədə nazirliyin üzərinə böyük məsuliyyət düşdüyünü, savadlı kadrların yetişməsi istiqamətində bir sıra işlərin görüldüyünü söyləmişdir.
Ötən il Azərbaycanda “gənclər ili” olduğunu deyən İ.Babayev bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini bildirmişdir. Bu gün müxtəlif layihələr çərçivəsində xarici ölkələrlə gənclərin mübadilə proqramları həyata keçirilir.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə Azərbaycanda idman sahəsində son illər qazanılan uğurlar barədə məlumat vermişdir. O demişdir ki, Azərbaycanda idmanın inkişafı, bu sahədə qazanılan uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimiz tərəfindən Azərbaycanda idmanın kütləviliyi və inkişafına çox böyük diqqət yetirilir. 2009-cu ilədək ölkəmizdə inşa olunacaq olimpiya komplekslərinin sayı 24-ə çatacaqdır.
Nazir müavini Azərbaycanda idman sahəsində aparılan uğurlu siyasət nəticəsində beynəlxalq təşkilatların ölkəmizə göstərdiyi yüksək etimaddan danışaraq demişdir ki, 1997-2008-ci illərdə respublikamızda 150-yə yaxın beynəlxalq turnir, dünya və Avropa çempionatları keçirilmişdir.
Çexiya idmançılarının Azərbaycanda təlim-məşq toplanışı keçmək üçün hər cür şəraitin olduğunu bildirən İ.İsmayılov bunun həm də ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulamışdır.
Qonağa Azərbaycan Milli Olimpiya Komitəsinin 15 illiyi ilə əlaqədar nəşr olunmuş kitab hədiyyə edilmişdir.
Səfərindən məmnun qaldığını bildirən Peter Pleva ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Azərbaycanda gənclər və idman siyasəti sahəsində görülən işlərdən məmnun qaldığını bildirən qonaq ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümid etdiyini vurğulamışdır.
Sonda xatirə hədiyyələri təqdim olunmuşdur.
######
