ÇEXİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ TƏHSİL NAZİRLİYİNDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 27-də Təhsil Nazirliyində ölkəmizdə səfərdə olan Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü Peter Plevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə təhsil naziri Misir Mərdanov respublikamızın təhsil sistemi, o cümlədən ümumtəhsil, orta ixtisas təhsili müəssisələri və ali məktəbləri haqqında ətraflı məlumatlar vermişdir.
Azərbaycan ilə Çexiyanın təhsil əlaqələrindən bəhs edən nazir ölkələrimizin universitetləri, digər təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulamışdır. Nazir Bakı Slavyan Universitetində çexyaşünaslıq ixtisası üzrə mütəxəssislər hazırlandığını diqqətə çatdırmışdır.
M.Mərdanov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xeyli azərbaycanlı gəncin ayrı-ayrı xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsil almağa göndərildiyini diqqətə çatdırmış və bu proqramın icrası üzrə işin davam etdirildiyini söyləmişdir.
Nazir, həmçinin ali və orta ixtisas təhsili müəssisələrimizdə tədrisin təşkili barədə danışmışdır.
Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü Peter Plevan ölkəsində təhsilin inkişafı üçün həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır.
Cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu qeyd edən qonaq, ölkələrimiz arasında bu sahədə əlaqələrin genişlənəcəyinə əmin olduğunu vurğulamışdır.
Sonra təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı geniş müzakirələr aparılmışdır.
